Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif edilir

Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif edilir

-- Azərbaycanda boşanmaların sayı çoxalıb..

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin üzvü Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.
 
Maide.Az bildirir ki, “Report”un xəbərinə görə, komitənin bu gün keçirilən iclasında S.Vəliyeva deyib ki, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar: “Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.
 
Adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı da bu məsələnin bir müddət öncə millət vəkili Tahir Rzayev tərəfindən komitənin iclasında qaldırıldığını xatırladıb və deyib ki, hələ də uşaqlarla belə üzücü, xoşagəlməz hallar yaşanır:
 
“Bu, ağrılı məsələdir və tək bizdə yox, dünyada üzləşilən problemdir. Bu məsələ hər birimizin diqqətində olmalıdır və diqqətindədir. Hesab edirəm ki, bu problemin həllini tapması, uşaqların istismara, xüsusilə cinsi istismara məruz qalmasının qarşısının alınması istiqamətində növbəti vacib addımlar atılmalıdır”.
 

Google+ WhatsApp ok.ru