'Azəriqaz' smart sayğacları niyə mexaniki ilə əvəzləyir

'Azəriqaz' smart sayğacları niyə mexaniki ilə əvəzləyir

Bakının Binəqədi rayonunda yaşayan 44-yaşlı Ceyhun Məmmədov deyir ki, təxminən iki ay öncə evlərindəki qaz sayğacını dəyişiblər. "Azəriqaz" əməkdaşları "smart" tipli sayğacı mexaniki sayğacla əvəzləyib.
 
Paytaxt sakini iddia edir ki, bu dəyişiklikdən dərhal sonra ailənin mavi yanacaq xərclərində artım özünü göstərib: "Həmişə istifadə etdiyimiz həddə qaza görə daha çox pul ödəməyə başlamışıq. Şübhələndik ki, görəsən, sayğacda problem var? Qaz idarəsinin işçisi gələndə yoldaşım onlara deyib, yoxlayıblar, bildirib ki, sayğacda heç bir problem yoxdur. Özümüz də fikirləşdik ki, təzə sayğacda nə problem olacaq?! Digər tərəfdən də, görürük ki, həmişəki sərfiyyata görə indi daha çox pulumuz gedir. Əvvəlki sayğacda belə problem yaşamırdıq, karta nə qədər vururduqsa, o qədər də istifadə edirdik".
 
 "Yaxşıdırsa, indi niyə alınmır?"
 
Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, "Azəriqaz" ötən ildən "smart" tipli sayğaclardan istifadəni dayandırıb. Onun sözlərinə görə, Bakıda 2 milyona yaxın istehlakçının (abonent) "smart" tipli sayğacları tədricən mexaniki qaz sayğacları (Zenner G-4/Natek G-4) ilə əvəzlənir. Hüquq müdafiəçisi deyir ki, sayğacların alınmasına 2018-ci ilin sonundan başlanıb: "Mütəxəssislər (son illərdə alınan mexaniki) sayğacları keyfiyyətsiz hesab edirlər. İstər-istəməz sual yaranır ki, səkkiz il əvvəl kifayət qədər baha qiymətə alınan smart sayğaclar niyə mexaniki sayğacla əvəzlənir? İstismar müddəti bitibsə, elə "smart"la da əvəzlənsin. Smart sayğaclar yaxşı deyildisə, niyə o vaxt çox pul xərcləyib almışdılar? Yox, yaxşıdırsa, indi niyə alınmır? Bütün bu sualların cavabı açıq qalıb".
 
M.Qəhrəmanlının dediyinə görə, illər öncə mexaniki sayğaclar "smart" tipli sayğaclarla əvəzlənəndə iki min nəfərə qədər adam işsiz qalmışdı.
 
Hüquq müdafiəçisi vurğulayıb ki, mexaniki sayğaclara müdaxilə etmək, abonentə artıq pul yazmaq asandır.
 
"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov isə sərfiyyatın şişirdilməsi, əsassız borc yazmağın mümkünlüyünə görə mexaniki sayğaclara üstünlük verilməsi haqda iddialarla razılaşmır. Mətbuat katibi AzadlıqRadiosuna bildirib ki, dövri yoxlanış müddəti başa çatan sayğaclar əvəzlənir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2015-ci ildə qəbul etdiyi qaydalara görə, əhali abonent qrupu üçün sayğacların dövri yoxlanış müddəti beş ildən birdir: "İstismar müddəti ilə dövrü yoxlanış müddəti fərqli anlayışlardır. Sayğacın istismar müddəti 20-25 il ola bilər. Beş ildən bir əhalinin istifadə etdiyi sayğaclar yoxlanılır. Yoxlama üç mərhələdə həyata keçirilir - vizual, kamera vasitəsilə və xüsusi lövhələr-stendlərlə. Həm abonent işlətdiyi sayğacın vəziyyətini bilir, həm də biz müdaxilə olub-olmadığını, aldığımız sayğacın durumunu aydınlaşdırırıq".
 
C.Səfərovun dediyinə görə, "smart" tipli sayğaclar mexaniki sayğacdan üç dəfə baha alınır. Maddi baxımdan sərfəli olduğuna görə mexaniki tipli sayğaclara üstünlük verilir: "Xüsusən pandemiya dövründə neftin qiymətində enmələr müşahidə olundu. Biz də dövlət təşkilatı olaraq, xərclərimizə yenidən baxırıq. Mühüm dövlət sifarişli qazlaşdırmalar istisna olmaqla, digər satınalmaları minimuma endirmişik. Bu səbəbdən "smart" kart tipli sayğacların alışı da minimuma endirilib. Onların da yoxlama müddəti çatanlar hazırda mexaniki sayğaclarla dəyişdirilir".
 
"Azəriqaz" rəsmisi bildirib ki, "smart" tipli sayğaclardan tam imtina olunmayıb, yenə də müəyyən qədər alınır, əsasən, bina evlərində quraşdırılır. Onun sözlərinə görə, mexaniki sayğacın da elektron sistemi var. Türkiyə və başqa ölkələr də bu tip sayğacdan istifadə edir. Azərbaycanda "Azəriqaz"ın 2 milyon 300 minə yaxın abonentinin 55 faizi mexaniki, 45 faizi "smart" tipli sayğacdan istifadə edir.
 
C.Səfərov sayğacların qiymətini də açıqlayaraq bildirib ki, "smart" tipli sayğacın bir komplektinin qiyməti 220-240 manata, mexaniki tipli sayğacın bir komplekti isə 70-90 manata başa gəlir: "Maddi baxımdan da sərfəli deyil, üç dəfə fərq var".
 
Əgər maddi baxımdan sərfəli deyildisə, niyə "Azəriqaz" 8-9 il əvvəl bu tip sayğacların alınmasına üstünlük verirdi? Bu suala isə "Azəriqaz" rəsmisi belə cavab verib: "2011-ci ildə bu proses başlayanda iki əsas səbəb vardı: abonentin rahatlığı, ödəmə qabiliyyətinin bərpası. Mexaniki sayğaclarda qaz axını daimi olduğuna görə abonentlər "sonra ödəyərəm" yanaşmasıyla istifadə etdiyi qazın pulunu ödəmirdilər. "Smart" tipli sayğaclar həm də özünü tərbiyələndirmə metodu kimi tətbiq olunmağa başladı. Bu da özünü doğrultdu. O tip sayğacdan istifadə edənlərdə 100 faizlik ödəmə qeydə alınır".
 
C.Səfərov indiyədək hər iki tipli sayğacların alınmasına ümumilikdə nə qədər vəsait xərclənməsini açıqlamayıb. O bildirib ki, "Azəriqaz" bu tip maliyyə hesabatlarını tabe olduğu SOCAR-a və Maliyyə Nazirliyinə verir. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru