Bakıda evlər kəskin bahalaşdı

Mənzil bazarında bahalaşma deyil, durğunluq müşahidə olunur. Bu sözləri daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimovbildirdi.
 
“Mənzil bazarında hal-hazırda qeyri-müəyyənlikdir, yəni satıcılar hələki özlərinin qərarlarını qəbul edə bilməyiblər ki, hansı qiymətə mənzillərini satışa təklif etsinlər”- deyə, Nüsrət İbrahimov bildirir.
 
Ekspertin sözlərinə görə, bazarda bahalaşma müşahidə olunmayıb: “Qiymət artımı yoxdur, köhnə qiymətlər qüvvəsindədir”.
 
Nüsrət İbrahimov durğunluğun davam edəcəyi vaxtı da dəqiqləşdirdi: “Düşünürəm ki, köhnə qiymətlər hələki qüvvəsində qalacaq. 1-2 həftədən sonra isə bazarda müşahidə olunan durğunluq da aradan qalxa bilər, o vaxta qədər ki, tərəflər qərar qəbul etsinlər. Qeyd etdiyimiz kimi hələki hər iki tərəf gözləmək mövqeyindədirlər”- deyə, o bildirir.
 
Lakin onu da qeyd etməliyik ki, Azərbaycanda daşınmaz əmlakın satışı elanlarının yer aldığı Bina.Az saytından Oxu.Az-a bildiriblər ki, manatın devalvasiyasından sonra saytda elan yerləşdirmiş şəxslər çoxsaylı zənglər edərək, evlərinin qiymətini 10-15%-dək, hətta bəzən 30%-dək artırmağı istəyiblər.
 
“Misal kimi, dünən 60 min manata satışa çıxarılmış mənzilin sahibi zəng edərək, onun qiymətini 100 min manat göstərməyi xahiş edib”, — deyə, Bina.Az saytının direktoru Güllər Paşayeva bildirib. G.Paşayeva həmçinin onu da bildirib ki, yeni elan yerləşdirmək istəyən vətəndaşlar məbləğin dollarla göstərilməsini istəyirlər. Sayt direktoru həmçinin qeyd edib ki, son günlərdə saytda yerləşdirilən yeni elanların sayı azalıb, bəzi vətəndaşlar isə elanlarının saytdan çıxarılmasını istəyərək, hələlik gözləmə mövqeyi tuturlar.

Google+ WhatsApp ok.ru