Bütün yollar Bakıdan keçir

Bütün yollar Bakıdan keçir

Region sakinləri niyə Bakıya can atır?

"Novoye Vremya" qəzetində "Region sakinləri niyə Bakıya can atır?" sualına cavab axtarılır.
 
Müəllif bildirir ki, regionlarda yaşamaq olduqca ağırdır. Həm regionlarda işsizlik problemi var, həm də gəlirlər aşağıdır.
 
Yazıda vurğulanır ki, bu səbəblərdən qəsəbə və kəndlərin sakinləri Bakıya axışmaqdadır:
 
"Daimi daxili miqrant axını nəticəsində Bakının əhalisi artır. Abşeron yarımadası və paytaxtın çoxsaylı qəsəbələrində tikinti çoxalır".
 
Müəllif xatırladır ki, bu günlərdə Abşeron yarımadasında 30 qəsəbəyə şəhər statusu verilməsi ilə bağlı təklif səslənib.
 
Yazıda qeyd edilir ki, daxili miqrasiya hesabına həmin qəsəbələrin sakinləri durmadan artmaqdadır. Artıq Qaraçuxur, Bakıxanov, Binə və Rəsulzadə kimi qəsəbələrdə 50-80 min arasında insan yaşayır.
 
Müəllif yazır ki, ölkə iqtisadiyyatı paytaxt və qonşu zonalarda cəmləndikdə, bir qayda olaraq, digər rayonlar zəif inkişaf edirlər:
 
"Bakı istisna olmaqla Azərbaycanın regionlarında əhalinin bank sisteminə cəlb edilmiş əmanəti 6 faizdir. Regionlara verilən kreditlər isə 15 faizi əhatə edir. Əgər ölkədə 7 milyard manata yaxın vergi toplanırsa və bunun cəmi 600 milyon manatı regionların payına düşürsə, bu, rayonların daim geridə qalacağı deməkdir".
 
Müəllif rəsmi göstəricilərə istinadən xatırladır ki, ölkədə regionların inkişafı ilə bağlı dövlət proqramlarına 60 milyard manat vəsait qoyulub.
 
Yazıda vurğulanır ki, bu investisiyalar ciddi səmərə verməyib. Yeni iş yerləri yaranmır, vergi gəlirləri artmır, paytaxta axın davam edir.
 
Müəllif yazır ki, ölkənin dərinliklərində yaşayan, heç bir inkişaf perspektivi görməyən ölkə sakinləri qazanc əldə etməkdən ötrü paytaxta gəlməyi davam etdirir. /
 

Google+ WhatsApp ok.ru