Böyükşor gölündəki vəziyyət xəstəliklərin artmasına səbəb ola bilər

Böyükşor gölündəki vəziyyət xəstəliklərin artmasına səbəb ola bilər

“Oxu.az” saytında dərc olunan  “Böyükşor gölündəki vəziyyət xəstəliklərin artmasına səbəb ola bilər” sərlövhəli məqalədə müəllif son günlərdə burada yaranmış vəziyyəti ekspertlərlə dəyərləndirir.
 
Müəllifə görə, göldə ionun miqdarı 11 dəfədən çox artıb, bu, canlı aləmə pis təsir edə, bu rəqəmin normaya qayıtması xeyli çəkə bilər.     
 
Tibb elmləri doktoru, professor Adil Qeybullaya görə, ion miqdarının artması Böyükşor gölü ətrafında yaşayanlar, eləcə də Bakı əhalisi üçün ürək-damar, tənəffüs yolları, onkoloji xəstəliklərin çoxalmasına  da səbəb ola bilər.
 
Onun fikrincə, ekoloji təhlükəsizlik bu gün Azərbaycanda ən unudulmuş sahədir və odur ki, bu laqeyd münasibət göl ətrafındakı canlı aləmin də məhvinə səbəb ola bilər.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidməti bildirir ki, göldən götürülən analizlərin hamısının nəticəsi bəlli deyil, buna bir zaman lazımdır, amma göldə ionun və bəzi maddələrin miqdarı normadan çoxdur, boya fabrikində baş verən yanğının söndürülməsi zamanı gölün suyuna kimyəvi maddələrin qarışdığı sübut olunarsa, təmizlənməsi üçün tədbirlər görüləcək.
 
“Sobsan” boya fabriki rəhbərliyi isə tullantıların Böyük Şor gölünə axıdılması ilə bağlı xəbələri əsassız saymışdı.
 
“Azərsu” ASC isə isə üç gün əvvəl yanğın baş vermiş “Sobsan” boya fabrikinin tullantı sularının Böyükşor gölünə axıdıldığını bildirmişdi.
 
Xatırladaq ki, 2020-ci il iyulun 5-i gecə Binəqədi rayonundakı  “Sobsan” boya fabrikində yanğın baş verib. İyulun 6-da isə Bakının Binəqədi və Nərimanov rayonlarında kəskin iy-qoxu hiss edilib. Mütxəssislər müəyyən ediblər ki, iy-qoxu Böyükşor gölündən gəlir. Gölün suyundan və göl üzərindəki havadan nümunələr götürülüb, araşdırmalar davam edir. Həm də ehtimal edilir ki, yanğının söndürülməsi zamanı əmələ gələn tullantı sular da gölə axıdılıb.
 

Google+ WhatsApp ok.ru