Cavid Qurbanov: Hindistandan Rusiyaya ilk yük qatarı Azərbaycandan keçəcək

2016-cı ilin avqustun sonunda "Şimal-Cənub" layihəsi çərçivəsində Hindistandan Rusiyaya ilk yük qatarı Azərbaycan üzərindən keçməklə işə salınacaq.
 
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov deyib.
 
C.Qurbanovun deməsinə görə, «Şimal-Cənub» layihəsi çərçivəsində Sankt-Peterburq və ya Helsinkidən Hindistana qədər olan yük qatarının yeni xətti açılacaq. Avqust və ya sentyabr aylarında ilk qatar Azərbaycanda qarşılanacaq və həmin istiqamətdə yola düşəcək.
 
2000-ci il sentyabrın 12-də «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi haqqında Rusiya, İran və Hindistan arasında razılaşma əldə edilib. Sonradan Azərbaycan da bu prosesə qoşulub. Bu il fevralın 16-da «Azərbaycan Dəmir Yolları» QSC ilə İranın uyğun qurumu arasında «Şimal-Cənub» nəqliyyat dəhlizinin tərkib hissəsi kimi, Astara çayı üzərində dəmiryol körpüsünün tikintisi haqqında müqavilə imzalanıb. Aprelin 20-də körpünün təməli qoyulub.
 
 

Google+ WhatsApp ok.ru