Dərmanlar da bahalaşdı: 10-25 faiz

Dərmanlar da bahalaşdı: 10-25 faiz

Artım barədə qərar Tarif Şurasının dünənki iclasında verilib. İclasdan sonra Şuradan verilən açıqlamada bildirilir ki, dərmanların qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.
Bu uyğunlaşmanın nə ilə nəticələndiyini öyrənməkdən ötrü BakiPost.az-ın əməkdaşı paytaxtın iri aptekləri ilə əlaqə saxlayıb.
“Zəfəran” aptekdən bildirilib ki, dərmanlar bu gün səhərdən başlayaraq yeni qiymətlərlə satılır: “Dərmanlar bahalaşıb. Qiymətlər artıb. Dərmanlar artıq yeni qiymətlərlə satılır. Məsələn 12 manat 10 qəpiyə olan dərman indi 14 manat 40 qəpiyə satılır”.
“İnam” aptekdən deyilib ki, qiymətlərin artdığı barədə məlumatlar alsalar da, hələlik depodan mallar verilməyib: “Dedilər ki, yeni qiymətlər olacaq. Amma hələ dəqiq məlumatımız yoxdur. Çünki, nə mallarımız gəlib, nə də yeni siyahı. Yəqin, sabah səhər gələcək”.
“Eskulap” aptekdə də eyni vəziyyətdir: “Yeni qiymətlər də hələ apteklərə verilməyib. Ona görə nə qədər artıb-azaldığını bilmirik”. 
“Qızılgül” aptek də yeni siyahını hələ almayıb: “Qiymət artımı var, amma hələ bizə verilməyib deyə nə qədər artığını dəqiq bilmirik”.
Dərman depolarından isə bildirilib ki, qiymətlər təxminən 10-25 faiz arası artıb: “Bu gündən satışı dayandırılan dərmanlar apteklərə buraxılmağa başlayıb. Tarif şurasının qərarı gözlənilirdi deyə, dərmanların çoxu satışa çıxarılmırdı. Dünən verilən qərardan sonra, həmin dərmanlar yeni qiymətlərlə apteklərə göndərilir. Qiymətlər təxminən 10-25 faiz arasında qalxıb. Hansı dərmanın nə qədər qalxmasını demək çətindir. Hər dərmanın qiymət qalxımı faizi fərqlidir. Hansı dərmanın qiymətinin hansı əsasla artırıldığı isə hələlik məlum deyil. Əsas odur ki, bundan sonra ölkədə dərman qıtlığı olmayacaq. Apteklər normal fəaliyyətini bərpa etməyə başlayıb”.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl apteklərdə dərman qıtlığının yaşandığı barədə məlumat yaymışdıq. Bildirilirdi ki, ayın ortalarından başlayaraq depolardan apteklərə dərman verilişi dayandırılıb və buna görə də tələb olunan dərmanların 70 faizi tapılmır. Buna səbəb isə iş adamlarının dərman idxalından və satışından imtina etməsi idi. Belə ki, iş adamları dolların bir neçə ay içərisində kəskin bahalaşdığını və satış qiymətlərinin adekvat olmadığını əsas gətirərək dərmanların bahalaşmasını tələb ediblər. Tarif Şurasından isə biznesmenlərə ayın sonuna yaxın dərmanların qiymətlərinin bahalaşacağı barədə vəd verilib. Biznesmenlər də bu qərarın veriləcəyi tarixi gözləyərək, dərman satışını dayandırmışdı.
Görünən odur ki, Tarif Şurasının bu qərarından sonra apteklərə dərmanların paylanılmasına başlanılıb.
 

Google+ WhatsApp ok.ru