Dəyişikliklər yollarda nəyi dəyişəcək?

Dəyişikliklər yollarda nəyi dəyişəcək?

“Digesta” firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov deyir ki, təlimatdakı dəyişikliklər yol-patrul xidmətində aşkarlığı yüksəltmək məqsədi daşıyır: “Müasir texniki vasitələrin geniş tətbiqini nəzərə alaraq bu xidmətin yalnız aşkar üsulla aparılmalı olduğunu təsbit ediblər. 
 
Bir çoxları dəyişiklikləri elə başa düşür ki, daha yollarda reyd keçirilməyəcək. Əslində isə söhbət əsassız reydlərin qarşısının alınmasından gedir. Başqa sözlə, yeni təlimatda gizli xidmət, yarı aşkar, yarı gizli xidmət nəzərdə tutulmur. Bu o deməkdir ki, yol polisi əməkdaşı gizli şəkildə hər hansı sürücünü cərimə edə bilməz.
 
“Yol-patrul xidməti haqda” yeni təlimatda digər mühüm bir yenilik hərəkətdə olan nəqliyyat vasitəsinin DYP əməkdaşı tərəfindən saxlanılması halları ilə bağlıdır. Bundan sonra nəqliyyat vasitələri yalnız “Yol hərəkəti haqda” Qanunun 85-ci maddəsində nəzərdə tutulan hallarda dayandırıla bilər. Həmin bənddə qeyd olunur ki, nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmaq tələb edilə bilər:
 
- Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda.
 
- nəqliyyat vasitəsi axtarışda olduqda;
 
- nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;
 
Bu o deməkdir ki, hər hansı başqa səbəb yoxdursa, reyd keçirilməsi adı ilə avtomobili dayandırmaq artıq olmaz.
 
Köhnə təlimata əsasən, patrul və əməliyyat-xidməti nəqliyyat vasitələri ilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünürdü. Hərəkətə aşkar nəzarət YPX inspektorunun müəyyən olunmuş geyim formasında olmaqla, dövlət standartına uyğun rəng qrafikasına malik avtomobildə və ya motosikletdə xidmət aparmaqla, hərəkət iştirakçılarına yaxşı görünən yerdə durması idi. Xidmətin aparılmasının bu növü YPX-nın əsas funksiyası olaraq preventiv xarakter daşımaqla yol hərəkəti iştirakçılarını hüquqazidd hərəkətlər etməkdən çəkindirirdi.
 
Gizli nəzarət xüsusi rəng qrafikası olmayan xidməti-əməliyyat və digər nəqliyyat vasitələrində mülki geyimdə və ya xidməti geyim formasında olan YPX inspektorları tərəfindən, əsasən sutkanın işıqlı vaxtında aparılırdı. Bu zaman aşkar olunan qayda pozuntuları barədə YPX inspektoru raport (Təlimata 14 saylı əlavə) tərtib edir ki, bu da nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alındığı ərazinin DYP orqanına göndərilirdi.
 
Qarışıq nəzarət xüsusi rəng qrafikası olan və olmayan (iki) patrul və əməliyyat-xidməti nəqliyyat vasitəsindən istifadə olunmaqla, polis geyim formasında olan və olmayan YPX inspektorları tərəfindən həyata keçirilirdi. Hər iki nəqliyyat vasitəsinin heyətləri bir-biri ilə radiocihaz vasitəsilə əlaqə saxlayaraq aşkar etdikləri qayda pozuntuları barədə məlumat verir və müvafiq tədbir görürdülər.
 
Ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarına riayət olunmasına gizli nəzarət formalarından biri YPX inspektorunun mülki geyimdə nəqliyyat vasitəsinin salonunda son dayanacağa qədər gedib, hərəkət yolunda sürücü tərəfindən yol verilən pozuntuların qeydə alınması idi. Zəruri olduqda, marşrutun sonunda və ya şəhərkənarı yollarda stasionar YPX postunda inspektor tərəfindən inzibati xəta haqqında protokol tərtib olunurdu. Gizli nəzarətin həyata keçirilməsi haqqında qərarı nizami hissənin komandiri, yol polis idarəsinin (şöbəsinin) rəisi və ya onu əvəz edən şəxslə razılaşdırmaqla qəbul edirdi.
 
Yeni təlimata əsasən isə YPX inspektoru müəyyən olunmuş geyim formasında olmalı, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş nəqliyyat vasitəsində xidmət aparmalıdır. Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı maneələrin - ağaclar, bina və qurğular, reklam lövhələri arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Qanunla dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır.
 
Yeni təlimatı köhnədən fərqləndirən əsas cəhətlərdən biri də odur ki, yoldan keçən nəqliyyat vasitələrini ucdantutma saxlamağa yol verilmir. Yeni qaydalara görə, sürücü qaydanı pozmayıbsa, onu saxlamağa əsas yoxdursa, onun qayda pozması haqda, spirtli içki təsiri altında sükan arxasına keçməsi haqda əvvəlcədən məlumat daxil olmayıbsa, nəqliyyat vasitəsini dayandırmaq olmaz. Söhbət ondan gedir ki, əsas yoxdursa, avtomobili saxlamaq qadağan olunur". (musavat) /

Google+ WhatsApp ok.ru