Dollar kreditləri- banklar güzəştə getmir, əhali isə...

Kredit borcunun bankın daxili imkanı hesabına həll edilməsi, həmçinin dollarla kredit verən bank rəhbərlərinin məsuliyyətə cəlb edilməsi, əksər bankların bağlanması da təkliflər sırasındadır

 

Manatın məzənnəsinin gündəlik azalmaları fonunda dollar kreditləri ilə bağlı çətinlik ciddiləşir. Ekspertlər problemin kritik həddə olduğunu vurğulayırlar. Geri qaytarılmayan, problemli kreditlərin həcmi durmadan artır. Vətəndaşlar xüsusən ikinci devalvasiyadan sonra kreditləri ödəyə bilmirlər. Ekspertlər məsələni dəfələrlə ictimailəşdirsələr, təkliflər versələr də, hökumət və banklar hər hansı addım atmaq istəmir.
 
Məsələ ilə bağlı Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko “Report”a bildirib ki, Azərbaycanda dollar kreditləri ilə bağlı məsuliyyət kreditləşmə prosesində iştirak edən bütün tərəflər arasında bərabər bölüşdürülməlidir. Milli valyutanın devalvasiyasının bu sahəyə yetirdiyi zərər kreditləşmənin iştirakçısı olan üç tərəf- kreditor (bank və s.), kreditalan və dövlət arasında bərabər paylanmalıdır. 
 
L.Leşçenkonun sözlərinə görə, bu prosesdə kredit götürən də mütləq qaydada məsuliyyətin bir hissəsini öz üzərinə götürməlidir. “Çünki məzənnənin uzun müddət sabit olmasının yaratdığı əminliyə baxmayaraq, vətəndaşlar uzunmüddətli gəlir profillərinə diqqətlə yanaşmalı və mümkün riskləri nəzərə almalı idilər. Banklara gəldikdə isə, onlar son illərdə yüksək faiz dərəcələrindən faydalanıb və indi də öz müştərilərinə güzəşt etməyi nəzərdən keçirə bilərlər” deyə, bank rəsmisi qeyd edib. Dövlətin də dollar krediti sahiblərinə yardım etməsinin zəruriliyi Dünya Bankının Bakı ofisinin rəhbəri tərəfindən xüsusi vurğulanıb.
 
Qeyd edək ki, iki gün əvvəl 11 yerli ekspert məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət ediblər. Müraciətdə problemin ciddiliyinə diqqət çəkilir: “Son monitorinqlər göstərir ki, kreditlərin ödənilməsi ilə bağlı ciddi çətinliklər müşahidə edilir. Dollar kreditləri manat ifadəsində 2 dəfə artıb və bu da belə kredit götürənlərin sosial vəziyyətinə də neqativ təsir göstərir. Qaldırdığımız məsələ bu gün milyonlarla vətəndaşımızın taleyi, cəmiyyətin sosial sabitliyi və dövlətin təhlükəsizliyi ilə bağlıdır. Söhbət banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış gərgin vəziyyətdir. Apardığımız araşdırmalar göstərir ki, bu kreditlərin böyük əksəriyyəti sosialyönümlü kreditlərdir və insanlar onları bir qayda olaraq məişət problemlərinin həlli məqsədilə götürüblər. Ən doğru olanı isə budur ki, kredit almaq üçün müraciət edən insanlar əksər hallarda manatla krediti almaq mümkün olmadığına görə xarici valyutada kredit götürməyə məcbur olublar. 
 
Ehtiyac içində olan vətəndaşa bir çox banklarda krediti yalnız xarici valyutada almağın mümkün olduğu deyilib və insanlar başqa çıxış yolu tapmadıqlarından məcbur olub bu təklifi qəbul ediblər. Xarici valyutada gəliri olmayan bu insanlar bir il ərzində manatın məzənnəsində baş verən kəskin ucuzlaşmadan sonra indi xarici valyutada olan bu kreditləri ödəyə bilmirlər. Buna onların manatla olan gəlirləri imkan vermir. Keçən ilin fevral ayının 21-nə qədər kredit üçün aylıq ödənişi 200 manat olan bir vətəndaş indi həmin krediti bağlamaq üçün 400 manat xərcləməlidir. Bu isə real deyil. Digər tərəfdən, yaranmış bu durum bankların da vəziyyətini getdikcə ağırlaşdırmaqdadır. Bu kreditlərin qayıtmaması bank sistemini bütövlükdə iflic vəziyyətinə sala bilər. Bəzi banklar isə yaranmış vəziyyətdən haqsızcasına istifadə edərək müştərilərə kreditlərə güzəşt tətbiq etdiklərini deyib onlara müəyyən ödənişlər etdirir və sonradan ödənilən məbləğin 2/3 hissəsini kredit faizlərinə silirlər. Bir sözlə, bu gün bu sahədə tam anlaşılmaz bir özfəaliyyət hökmranlıq edir. Bu vəziyyət sonda ölkədə sosial gərginliyin artması ilə nəticələnə bilər. Vətəndaşların dövlət qayğısına inamının möhkəmləndirilməsi, onların maraqlarının dövlət tərəfindən qeydsiz-şərtsiz təmin edilməsi üçün, fikrimizcə, dollarla kredit almış olanlara manatın məzənnəsindəki dəyişikliklər kompensasiya edilməlidir. Dövlətimizin qüdrəti və maliyyə ehtiyatları buna imkan verir. Bu cür kompensasiyalar dövlətə inamın sarsıntıya uğramasından daha az itki olar”. 
 
Ekspert Fikrət Yusifov deyib ki, banklar müştəriləri yalnız dollar kreditləri götürməyə təhrik etməklə, düşdükləri bataqlığı daha da dərinləşdirirlər: “Öz qazanclarını düşünməkdən başqa heç nəyin fərqində olmayan, yüngül yolla varlanmagı özlərinə seçim etmiş bu banklara, milli valyutamızı belə aşağılamaq imkanı vermək olmaz. Ölkə prezidentinin manatın nüfuzunu bərpa etmək yolunda ciddi addımlar atdığı  bir dönəmdə, bankların bu özbaşınalığı başadüşülən deyil. Manat bu dövlətin milli valyutasıdır, dövlətçiliyimizin rəmzidir, onu əcnəbi valyutaların ayaqları altına atmaq ən azı vicdansızlıqdır. Milli valyutaya hər kəs hörmətlə  yanaşmağa borcludur və bu işdə hamıdan daha çox borclu olan da elə banklar özləridir. Lakin bu gün kredit verdikləri müştərilərlə münasibətlərdə bütün oyun qaydalarını birtərəfli qaydada öz xeyirlərinə müəyyən etmiş banklar bir tərəfdən yeni kreditləri yalnız xarici valyutada təklif edir, digər tərəfdən isə xarici valyutada kredit götürmüş müştəriləri müxtəlif üsullarla  aldadırlar”. Ekspert banklar tərəfindən xarici valyutada kreditlərin verilməsinin qadağan edilməsini təklif edir. Həmçinin konstitusiyanın tələblərini kobud şəkildə pozaraq vətəndaşları xarici valyutada kredit götürməyə təhrik etmiş bank rəhbərlərinin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb. 

Google+ WhatsApp ok.ru