Dövriyyədən 5 milyard manat niyə çıxarıldı?

Məhəmməd Talıblı: «Dövriyyədə saxlanılan vəsaitin həcminin azalması maliyyə bazarına inamsızlığın təzahürüdür»

Azərbaycanda dövriyyədə olan nağd pul azalır. Mərkəzi Bank xəbər verir ki, 31 avqustun 2015-ci il tarixinə pul bazası 6 milyard 352,1 milyon manat təşkil edib. Bu, iyulun 31-i ilə müqayisədə 1 milyard 115,4 milyon manat və ya 15% azdır.
 
Ötən ilin sonunda pul bazası 11 milyard 541.9 milyon manata bərabər idi. Səkkiz ayda pul bazası 5 milyard 189,8 milyon manat azalıb.
 
Qeyd edək ki, pul bazasının azalması manatın dövriyyədə azalması ilə əlaqədardır. Mərkəzi Bank manatı alaraq dövriyyəyə dollar buraxır.
 
“MB-nin ehtiyatı da azalır, dövriyyədəki manat da”
 
Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Sərbəst bank və məcburi ehtiyatları) daxildir.
 
Qeyd edək ki,ÿavqustun 31-nə Mərkəzi Bankın valyuta ehtiyatlarıÿ 7 mlyard 315.4ÿ milyon dollar ÿtəşkil edib. Bu, iyulun 31-i ilə müqayisədə 1ÿmilyard 186,1 milyon dollarÿ və ya 14% azdır.
 
Keçən il ilə müqayisədə dövriyyədəki manatın təxminən 5 milyard 200 milyon azalması nəyin görsənişidir? Bu tendensiyanı iqtisadiyyatda dövriyyənin azalması kimi dəyərləndirmək olarmı? Əgər bu addım dolların kursunun sabit saxlanması məqsədilə atılırsa, bu nədərəcədə effektli qərardır? Digər bir tərəfdən pul kütləsinin bu dərəcədə azaldılması əmək haqqı və pensiyaların ödənilməsində çətinlik yarada bilərmi?
 
“Pul bazasına maraq azalır”
 
İqtisadçı Məhəmməd Talıblı "Azadlıq"a bildirib ki, bu onu göstərir ki, pul bazasının həcmi daralır. M.Talıblının sözlərinə görə, dövriyyədə saxlanılan və əməliyyat üçün nəzərdə tutulan pul bazasına maraq azalır: “Dövriyyədə saxlanılan vəsaitin həcminin azalması isə maliyyə bazarına inamsızlığın təzahürüdür. Pul bazasının genişlənməməsi isə ondan xəbər verir ki, maliyyə rezidentləri daha çox yığıma meyllənib. Banklar və maliyyə bazarındakı digər oyunçular daha çox vəsaitlərini risklərdən qorumaq və maliyyə ”dalğasının” səngiməsini gözləyir. Ötən müsahibələrimdə də qeyd etmişdim ki, bizdə bazarda süstlüyün yaranma səbəbi daha çox devalvasiya gözləntilərinə inamın böyük olması ilə bağlıdır. Pul bazasının zəifləməsi eyni zamanda ondan xəbər verir ki, bazarda tələb-təklif dinamikası da aşağı düşür. Bazar iştirakçıları daha çox bazarın təzyiqlərindən özlərini qorumaq və gəlirlərini artırmaqdan daha çox, onların azalmasına səbəb olacaq heç bir səhvə yol verməməklə konservativ siyasət yürüdürlər”.
 
“İşgüzar fəallıq zəifləyib”
 
M.Talıblının sözlərinə görə, pul bazasının zəifləməsinin səbəblərindən biri kimi dövriyyəyə daxil olan vəsaitlərin azalması və gəlir kanallarının daralmasıdır. M.Talıblının sözlərinə görə, pul kütləsinin azalması işgüzar fəallığın zəifləməsi deməkdir: “Büdcə xərclərində müəyyən problemlər də gözlənilir. Sahibkarların icra etdikləri dövlət sifarişləri və layihələrin icrasında müəyyən problemlər yaranıb. Sahibkarlara olan münasibət onlar fəal bazar oyunçuları kimi fəallıqlarına ciddi zərbə vurub. Sahibkarlıq təşəbbüsləri yox səviyyəsinə düşüb. Bütün istiqamətlər üzrə zəifləmə meylləri pul bazasının azalmasına xidmət göstərir”.
 
M.Talıblının fikrincə, bazar iştirakçıları indiki halda devalvasiya qərarının nə zaman verilib-verilməməsi ilə bağlı qeyri-müəyyənlik içərisindədırlər. Ekspertin sözlərinə görə, MB-nin rezervlərinin hər ay sürətlə azalması və neftin qiymətinin aşağı düşməsi “damokl qılıncı” kimi hamının başının üstündən asılıdır. Bu mərhələdə səhv etməyin ağır nəticələri ola bilər: “Ona görə, iqtisadiyyatın müxtəlif sektorlarında problemlər bir sektordan başqa birinə müxtəlif kanallarla ötürülür. Bu kanallara dövlətin güvən siyasəti və verdiyi impuls onu gücləndirəcək səviyyədə deyil. Əksinə, ikinci devalvasiyaya biz hər gün daha sürətlə yaxınlaşırıq. Bu ayda Mərkəzi Bank əlavə olaraq 1,2 milyard manat ehtiyatlarını azalatdı. Bu gedişlə biz mart ayına qədər dözə biləciyik. Onda açıq böhran elan olunacaq. Indiki gedişat böhrana gedən yolu mübhəm formada təzahür elətdirir. Amma digər tərəfdən isə bunu monetar siyasəttin problemi kimi də qiymətləndirmək olmaz. Buna ciddi təzyiq edən faktorlardan biri büdcə-vergi istiqamətində yaranacaq problemlər və onun doğurduğu amillərlə bağlı olacaq. Bu ilin sonuna dövlət büdcəsində proqnozlaşdırılandan daha böyük həcmdə olan kəsr həddi gözlənilir. Neft pulların büdcəyə daxilolması azalacaq. Azalan neft pulları isə devalvasiya üçün əsas faktordur. Maaşların verilməsi, pensiyaların gecikməsi və vergilərin yığılması gələn ilin büdcəsində əsas problemlər kimi hiss olunmağa başlayacaq. Səxavətli büdcə xərcləri dövrü artıq gedirə qaldı. yeni dövrün şərtləri və qənaət rejimində yaşamaq dövrünə qədəm qoyacağıq”.
 
M.Talıblı hesab edir ki, maraqlı məqam odur ki, pul bazasının zəifləməsi sürətlə baş verir. Əvvəlki illərdə aylar üzrə belə azalmalar yox, aylar üzrə bir ayın və ya bir rübüdə artmanın, sonrakı aylarda azalmanın şahidi olurduqsa, bu özündə 100 milyonlarla ölçülən məbləği ifadə edirdi: “Indi pul bazası hər rüb üzrə milyardlarla ölçülür. Bu artıq ciddi siqnal üçün əsasdır. Bu haqda hökumət gərək ciddi düşünsün. Tendensiyanı qiymətləndirmək üçün ciddi gerilmələr və faktlar var”.

Google+ WhatsApp ok.ru