İdxaldan asılılıq davam edir

İdxaldan asılılıq davam edir

-- qeyri-neft sektoru yetərli inkişaf etmir

«Novoye Vremya» qəzetində «İqtisadiyyatda banan cənnəti» sərlövhəli yazı diqqət cəlb edir.
 
Yazıda bildirilir ki, ölkədə qeyri-neft sahəsinin inkişaf etdirilməsi prioritet elan olunub. Amma ölkə hələ də bu sahədə idxaldan asılıdır.
 
Müəllif vurğulayıb ki, məmurlarının qeyri-xammal ixracının artması, iqtisadiyyatın şaxələndirilməsi haqda bəyanatlarına baxmayaraq, ərzaq məhsullarının idxalı artmaqda davam edir:
 
«Hər halda, bu ilin10 ayının göstəriciləri bunu deməyə əsas verir».
 
Ekspert V.Məhərrəmov isə qəzetə deyib ki, bu ilin 10 ayı ərzində kənd təsərrüfatında ciddi geriləmələr olub. Ötən illərə aid göstəricilərlə müqayisədə idxal bir xeyli artıb:
 
«Cəmi 5 il əvvəl ölkəyə 815 milyon dollar həcmində ərzaq idxal olunurdu. Bu ilin 10 ayında isə bu rəqəm 1 milyard 121 milyon dollara yüksəlib».
 
Ekspertin deməsinə görə, bu müddət ərzində ət idxalı 3.7 dəfə artıb. O bildirib ki, diri ət çəkisində artım 2 dəfədir. Üstəlik, süd və süd məhsullarının idxalında da 2 dəfədən çox artım var:
 
«Əgər 5 il öncə, yəni 2012-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 54 milyon dollarlıq süd və süd məhsulları gətirilirdisə, bu ilin 10 ay ərzində bu rəqəm 103 milyon dollara yüksəlib. Eyni zamanda, kərə yağı, kartof, meyvə, tərəvəz idxalı da əhəmiyyətli dərəcədə artıb».
 
V.Məhərrəmov vurğulayıb ki, bu artımda bahalaşmanın da müəyyən təsiri var.
 
Müəllif yekunda da hesab edir ki, qeyri-neft sektoru yetərli inkişaf etmir. Neftin qiyməti isə sabit deyil. Yazıda vurğulanır ki, neftin qiyməti düşərsə, bunun iqtisadiyyata ciddi mənfi təsirləri ola bilər. (azadliq.org)
 

Google+ WhatsApp ok.ru