Gələn ilin dövlət büdcəsi necə olacaq?

Qadir İbrahimli: «2016-cı ilin büdcəsi builki büdcədən 25-40 faiz az olacaq»

Hər ilin dövlət büdcəsi adətən yayın sonu, payızın əvvəllərindən təsdiq edilərək qüvvəyə minir. Bu ilin dövlət büdcəsi 20 milyard manat civarında təsdiq edilsə də, ilin birinci yarısı 700 milyon manat kəsirlə icra olundu. Onu da qeyd edək ki, bir çox layihələrin dayandırılmasına baxmayaraq, vəziyyət pozitiv məqamlarla yadda qalmadı. Həmçinin, 2015-ci ilin büdcəsində neftin bir barelinin qiyməti 90 dollarla hesablanmışdı. Yeri gəlmişkən, 20 milyard manatlıq büdcənin yarısını  Neft Fondunun transfertləri təşkil edib.
 
Hazırda neftin bir bareli 50 dollar ətrafındadır. Dünyanın nüfuzlu qurumlarının proqnozları da bu mənada optimist deyil. Büdcənin mühüm gəlir mənbələrini təşkil edən vergi sisteminin fəaliyyəti də bu mənada ürəkaçan olmayıb. Çünki iş yerlərinin bağlanması, ixtisarlar, gəlir yerlərinin azalması bu sahədən büdcəyə daxiolmalarda problem yaradıb. Belə bir vəziyyətdə gələn ilin dövlət büdcəsinin taleyi necə olacaq?
 
İqtisadçı-ekspert Qadir İbrahimli söyləyir ki, 2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin ilkin elan olunan qiyməti 50 dollar həddində nəzərdə tutulub. Bu isə keçən ilin dövlət büdcəsində nəzərdə tutulan qiymətlə müqayisədə xeyli azdır:
 
“Hökumət bəzi xərcləri ixtisar etdiyinə görə  böyük bir büdcə kəsirindən qaçmaq mümkündür. Lakin bütövlükdə gələn ilin dövlət büdcəsi builki büdcədən ən azı 25-40 faiz az olacaq. Yəni büdcə indiki həddən xeyli kiçiləcək. Çünki neftin qiyməti enməyə doğru gedir, qeyri-neft sektoru isə həmin itkiləri kompensasiya etmək gücündə deyil”.
 

Google+ WhatsApp ok.ru