General DYP əməkdaşlarının xanıma qarşı kobud hərəkətini nəzarətə götürdü

İki gün öncə Avtosfer.az saytına «Yol polisindən sürücüyə biabırçı sual; maşındakı xanım kimdir?» başlıqlı yazı ilə bağlı artıq Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb. Həmin polislərin tapılıb cəzalandırılması üçün Baş DYPİ-nin rəisi, general-mayor Ramiz Zeynalov göstəriş verib. Bu barədə Avtosfer.az saytına DYP əməkdaşlarının kobud davranışından şikayətçi olan Sumqayıt şəhər sakini Elnarə Məhərrəmova məlumat verib. Onun sözlərinə görə, oktyabrın 16-da BDYPİ-nə dəvət olunub və məsələ araşdırılıb.
 
Qeyd edək ki, Elnarə Məhərrəmova Avtosfer.az-a müraciətində bildirib ki, oktyabrın 13-də Gürcüstandan Azərbaycana qayıdıb. Gecə saat 3-də Bakıdakı Beynəlxalq Avtovağzaldan taksiyə minərək Sumqayıt şəhərinə gedərkən yolda DYP əməkdaşları onun olduğu avtomobili saxlayıblar: «Taksi sürücüsü Natiq qardaşımın dostudur. Məni evə aparmaq üçün gəlmişdi. Biz maşına minib Avtovağzaldan çıxan kimi körpünün altında 10 YP 489 dövlət nömrə nişanı DYP avtomobili maşını saxlatdırdı. Yol polislərindən biri yaxınlaşıb sürücüdən sənədləri istədi. O da sənədləri yol polisinə verdi. Polis əməkdaşı sənədlərə baxıb geri qaytardı və biz yolumuza davam etdik. Avtovağzalın içindən qalxanda - Binəqədi yazılan yerdə həmin DYP maşını bizim maşını yenidən saxlatdırdı. Bu dəfə əlində nəsə var idi, sürücüyə yaxınlaşdırıb dedi ki, «bura fuu elə». Sürücü də üfürdü. Yol polisi baxıb gördü ki, sürücü sərxoş deyil, çıxıb getdi. Biz də yolumuza davam elədik. Heç 100 metr getməmişdik, yenə həmin DYP maşını bizi saxlatdırdı. Bu dəfə də həmin polis əməkdaşı gəlib sürücüdən yenə sənədləri istədi. Amma bu dəfə heç sənədlərə baxmadı. Maşının salonuna boylana-boylana sürücüdən soruşdu ki, maşındakı xanım kimdir? Mən artıq dözə bilmədim. 10 dəqiqə ərzində eyni DYP maşını bizi 3 dəfə saxlatdırıb, heç bir qayda pozuntusu yoxdur. İndi də sürücüdən məni soruşur. Belə özbaşınalıq olar? Mən onlara nə lazımdırsa hamısını dedim, sonra da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdim. İnanıram ki, həmin polisləri aşkar edib cəzalandıracaqlar».
 
Elnarə Məhərrəmova bildirib ki, həmin polisləri görsə tanıyacaq. Elə bununla bağlı da dünən BDYPİ-də bir neçə polislə üzləşmə keçirilib: «Avtosfer.az saytında mənim müraciətim yayıldıqdan dərhal sonra mənə Baş Dövlət Yol Polisi İdarəsindən polkovnik Ərəstun Məcidov zəng edərək Respublika DYPİ-nin rəisinin bu işi şəxsən nəzarətə götürdüyünü söylədi. Oktyabrın 16-da mən əvvəlcə BDYPİ-nin yol patrul bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mailovla görüşdüm. Fuad müəllim məni qəbul etdi və hadisənin necə verdiyi haqda soruşdu. Dəqiqliklə olanları söylədim. Sonra qeyd etdiyim DYP avtomobilinin  işçi heyətini dəvət etdi. Onlar arasında həmin şəxslərin olub-olmaması üçün üzləşdirmə aparıldı. Lakin həmin işçi heyət arasında mənimlə kobud rəftar edən həmin polis işçiləri yox idi. 
 
Daha sonra Fuad müəlim mənim oldugum avtomobilin sürücüsünü də dəvət etdi. Sürücü Natiq də hadisəni oldugu kimi danışdı. Sonra işçi heyyatinin yarısını siyahı ilə bir-bir dəvət edərək yenidən bizimlə üzləşdirdi.lər Sürücü ilə yenidən həmin səxslərin arasında axtarılan polis işçilərinin olmadığını təstiqlədik. 
 
Biz orda olarkən Ərəstun Məcidov tez-tez telefon əlaqəsi saxlayaraq işin gedişi ilə maraqlanırdı. Daha sonra Fuad müəllimlə birgə Ərəstun müəllimin qəbulunda olduq. Hər birimizi tək-tək yenidən dinlədi. İdarə rəisi, general Ramiz Zeynalov da bizi qəbul etdi. O, bizi yenidən hadisənin necə baş verdiyi haqda dinlədikdən sonra həmin şəxslərin aşkarlanıb tapılması üçün ciddi tapşırıqlar verdi. Şəxsən özü bu işi nəzarətə götürdüyünü bildirdi və və 3 gün müddətində işin nəticəsi barədə məruzənin çatdırılmasını tələb etdi. Mənə də söz verdi ki, həmin şəxslər tapılıb kimliyindən və vəzifəsindən asılı olmayaraq lazımi cəzalarını alacaqlar. Azərbaycanda qanun var və bu qanunlar hamı üçün eynidir. Kimliyindən və vəzifəsindən asılı olmayaraq hamı bu qanunlara tabe olmalıdır. Qanuna tabe olmayanlar barəsində isə lazımi tədbirlər görülərək öz cəzalarını alacaqlar. Azərbaycan polisi var və çox şadam ki, Ramiz müəllim, Ərəstun müəllim və Fuad müəllim kimi polis əməkdaşları edilən şikayətə biganə yanaşmırlar, əllərindən gələn lazımı tədbirləri görərək qanunu pozanların aşkarlanıb cəzalandırılması üçün öz səylərini göstərirlər». 
 
İnanırıq ki, xanıma qarhı kobud hərəkətlər edən DYP əməkdaşları tapılıb cəzalandırılacaq və bu, digərlərinə də dərs olacaq. Hər halda, müsbət haldır ki, DYP rəhbərliyi məsələyə bu cür sərt reaksiya verib və ciddi araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə əlavə məlumat verməyə çalışacağıq.

Google+ WhatsApp ok.ru