Genişmiqyaslı hərbi əməliyyatlara start verməlidir - VİDEO

Qarabağ Azadlıq Təşkilatı Islam dünyasına çağırış etdi
 
Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “İslam dünyası və Qarabağ: yeni çağırışlar” mövzusunda Dəyirmi Masa keçirilib. QAT sədri Akif Nağının giriş sözündən sonra tanınmış ictimai, siyasi xadimlər – DEVAMM sədri İlqar İbrahimoğlu, AİP-in sədr əvəzi İlham Əliyev, politoloqlar Mübariz Əhmədoğlu, Əvəz Həsənov, Rövşən Əhmədli, Fikrət Sadıqov, AĞ Blokun sədri Tural Abbaslı və digərləri çıxış edərək məsələ ilə bağlı fikirlərini səsləndirib, təkliflərini veriblər. Sonda Dəyirmi Masa iştirakçıları bəyanat qəbul ediblər. Bəyanatda göstərilir: Cəbhə bölgəsindəki son aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Azərbaycana qarşı erməni təcavüzünün nəticələrinin aradan qaldırılmasına dair ciddi nəticələrin çıxarılmasına, mövqelərin dəqiqləşdirilməsinə ehtiyac yaranıb. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, düşməni darmadağın etmək qüdrətini, cəmiyyətin ruh yüksəkliyini, Qarabağ naminə bütün məhrumiyyətlərə və fədakarlığa hazır olduğunu göstərdi. Bu döyüşlər dünya birliyinin məsələyə münasibətinin anlaşılması baxımından da əhəmiyyətli oldu. Beynəlxalq təşkilatlar, Qərb dövlətləri yenə də məsələyə obyektiv mövqedən yanaşmaq istəmədilər. Rusiya Ermənistanın tərəfində olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanın yalnız islam dövlətlərindən real dəstək ala biləcəyi aydın şəkildə göründü. İran, Türkiyə və Pakistan Azərbaycana birmənalı dəstək verdi. Qazaxıstan və digər Orta Asiya respublikaları Azərbaycana rəğbətlərini nümayiş etdirdilər. Digər islam ölkələri də Azərbaycana xoş münasibətlərini gizlətmədilər. İslam Əməkdaşlıq Təşkilatının Türkiyənin İstanbul şəhərində dövlət başçılarının iştirakı ilə keçirilən XIII Sammitində ( 14 aprel 2016-cı il) Azərbaycanın haqlı mövqeyi növbəti dəfə dəstəklənib və ilk dəfə Dağlıq Qarabağ münaqişəsinin həllinə müdaxilə baxımından praktiki addım atılıb-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təmas qrupu yaradılıb.
 
Bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycan torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyünün bərpa edilməsi üçün hərbi yolu seçməli, öz gücünə arxalanmalıdır. Azərbaycan mümkün hərbi-siyasi dəstəyi yalnız müsəlman dövlətlərindən gözləyə bilər. Hərbi əməliyyatlar başlayana qədərki dövrdə danışıqlar davam etdirilsə, Azərbaycan danışıqlar prosesində islam dövlətlərinin paritet əsasında, yəni neçə xristian dövləti iştirak edərsə, o qədər də müsəlman dövlətlərinin iştirakını şərt olaraq irəli sürməlidir.
 
Biz hesab edirik ki, Qarabağın işğaldan azadlığı yuxarıda irəli sürülən şərtlər daxilində mümkündür. Azərbaycan artıq öz seçimini etməli, genişmiqyaslı hərbi əməliyyatlara, azadlıq müharibəsinə start verməlidir. Həddindən artıq çox vaxt keçib. Qərar verib, siyasi iradə göstərib, real hərəkətə keçməyin vaxtı çoxdan çatıb.

Google+ WhatsApp ok.ru