Həbsxanada ölən MTN polkovnikinin meyiti ailəsinə verilib

Dekabrın 20-də Bakı İstintaq Təcridxanasında özünü asdığı deyilən MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyevin meyiti tibbi ekspertizadan keçirilib. Meyit ailəsinə təhvil verilib. 
 
Bu haqda AzadlıqRadiosuna İlqar Əliyevin vəkili Rəşad Mirmehdizadə məlumat verib.
 
Vəkilin sözlərinə görə, İlqar Əliyev dəfn olunmaq üçün dekabrın 21-də Göyçay rayonuna aparılacaq.
 
Vəkil deyib ki, keçirilmiş ekspertizanın nəticələri haqqında hələ heç nə deyə bilməz: «Müayinə edib ailəsinə verdilər. Nəticə sonra bilinəcək».
 
«Yaxınları onun intiharı haqqında nə deyir» sualına vəkil «hələ istintaq gedir, istintaq yəqin ki, bir nəticəyə gələcək» cavabı ilə kifayətlənib. 
 
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yaydığı məlumatda deyilir ki, İlqar Əliyev dekabrın 20-də saat 15:55 radələrində intihar edib. O, ikinəfərlik kamerada saxlanılırmış: «Kamera yoldaşı telefon danışığı hüququndan yararlanmaq üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalan İ.Əliyev mələfəni ip formasında pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb».
 
Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanılıb. İstintaq aparılır.
 
Oktyabrda həbs olunan İlqar Əliyev Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə ittiham olunurdu.
 
İlqar Əliyevin adı həmçinin jurnalist Pərviz Həşimlinin həbsində hallanırdı. Jurnalist həbsinə görə onu ittiham edirdi. /

Google+ WhatsApp ok.ru