Hakimiyyətin “yeraltı əməliyyatı”nda ayrı-seçkilik

İlham Əliyevin əmisi oğlunun və nazirin nəzarətində olan yarmarkarlar sökülmür

Xəbər verildiyi kimi 28 May metrostansiyasının və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaxınlığında yerləşən yeraltı keçidlərdəki ticarət köşkləri sökülüb.

Köşk sahiblərinin sözlərinə görə, söküntü işlərini aparan Bakı Şəhər Icra Hakimiyyətinin əməkdaşları bunu olimpiya oyunları ilə izah ediblər. “Biz bu köşklərə pul vermişik. Elə adam var ki, burda köşk almaq 5000 min manat xərc çəkib.  Prezidentin açılışını etdiyi mağazalara dəymirlər. Deyirlər standartlara uyğundur. Amma köşkləri sökürlər”,- deyə köşk sahibləri bildirib.

Maraqlıdır ki, köşklərin sökülməsinə olimpiadanı əsas gətirən Bakı Şəhər Icra Hakimiyyəti paytaxtda heç bir standarta uyğun olmayan ticarət mərkəzlərinə diqqət yetirmir. Məsələn götürək elə 20 Yanvar metrostansiyasının yaxınlığında, “Velotrek”in ərazisində fəaliyyət göstərən yarmarkanı. Əlbəttə ki, biz kimlərinsə işsiz qalmasını istəmirik. Sadəcə Bakı Şəhər Icra Hakimiyyətinin gətirdiyi əsasın məntiqsiz olduğunu diqqətə çatdırmaq istəyirik. Əgər olimpiadaya görə yeraltı keçiddəki hansısa köşk sökülürsə, bunun şəhərin abadlığına xələl gətirdiyi iddia edilirsə, bəs o zaman “Velotrek”in ərazisində yarmarka ilə bağlı niyə eyni addım atılmır? Məgər bu yarmaka bütün standartlara uyğundur? Məgər bu yarmarka paytaxta yaraşıq verir? Bəs səbəb nədir ki, meriya bura yaxın durmur? Qeyd edək ki, bu ərazi əvvəllər ölkə başçısı Ilham Əliyevin əmisi Cəlal Əliyevin nəzarətində olub. Lakin sonradan alınaraq Gənclər və Idman Nazirliyinə verilib. Bununla bazar da Azad Rəhimovun nəzarətinə keçib. Bəlkə səbəb elə budur?


Yeri gəlmişkən, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov işdən çıxarılandan sonra metro keçidlərindəki köşklər söküldü. Lakin 20 Yanvar metrostansiyasının keçidində fəaliyyət göstərən köşklərə toxunulmadı. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, həmin keçiddəki ticarət köşkləri ölkə başçısının əmisi oğlu Ilqar Əliyevin nəzarətindədir.   azadliq.info/

 

Google+ WhatsApp ok.ru