Hamı torpaq satır

Hamı torpaq satır

"Exo" qəzetində "Azərbaycanda daha çox adam torpağını satışa çıxarır" sərlövhəli məqalə diqqət çəkir.
 
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov qəzetə deyib ki, Azərbaycanda maliyyə böhranı ilə bağlı torpaq bazarında təklif 20 faiz artıb.
 
"MDB-nin bir çox ölkələrində torpaq bazarında təklifin artması müşahidə edilir, orta göstərici 30 faizə yaxınlaşır. Azərbaycanın torpaq bazarı o qədər də böyük deyil. Odur ki, təkliflərin həcmi 20 faiz artıb. Amma bununla belə, bu, bizim ölkə üçün kifayət qədər yüksək göstəricidir… Birincisi, maliyyə çətinlikləri yaşayan fiziki və hüquqi şəxslər torpaq əmlaklarını satmağa məcburdurlar. Üstəlik, tikinti həcminin azalması da bazarda təklifin artmasına səbəb olur. Amma təklifdə artım olsa da, bu, özünü alqı-satqı əməliyyatlarında göstərmir. Əksinə, torpaq bazarında durğunluq hökmranlıq edir".
 
Ekspert hesab edir ki, devalvasiyaya qədər torpaq alaraq ev tikmək sərfəli idi. İndi əksinə, hazır mənzil almağa üstünlük verilir.
 
Yazıda tikintilərin azalmasının səbəblərinə də toxunulur. Bu, yalnız əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edilmir. Müəllifin gəldiyi nəticəyə görə, tikintilərin azalmasına səbəb həm də, qanunsuz tikintiyə görə cərimələrin tətbiqidir. Fiziki şəxslərə 600 manat, vəzifəli şəxslərə 3 min manat, hüquqi şəxslərə isə 30 min manat cərimə tətbiq olunur. /

Google+ WhatsApp ok.ru