Hesablama Palatası ləğv edilmiş komitəni yoxlayacaq

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
 
Bu barədə Maide.az-a Hesablama Palatasından məlumat verilib.
 
Kollegiya iclasında dövlət büdcəsindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə, həmçinin büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsinə dair audit tədbirinin nəticələri barədə Hesabat və Rəy müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
 
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumuna göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
 
Xatırladaq ki, Prezident İlham Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında dünən fərman imzalayıb. Qurumun səlahiyyətləri isə Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sərhəd Xidməti arasında bölüşdürülüb. 
 
Hesablama Palatası o cümlədən Tovuz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlər, Beyləqan rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair yoxlamalar həyata keçirəcək.

Google+ WhatsApp ok.ru