Jurnalistlərin təhdidi pislənir

Jurnalistlərin təhdidi pislənir

 
«Freedom House» təşkilatı iki azərbaycanlı jurnalistin təhdid olunmasına münasibət bildirən bəyanat yayıb.
 
«Azərbaycan hökuməti müstəqil medianın təqibini davam etdirir. Jurnalistlərə edilən hücumların araşdırılmaması və buna görə məsuliyyət daşıyanların məhkəmədə ittiham edilməməsi cəzasızlıq mühiti yaradır», - təşkilatın Beynəlxalq Proqramlar bölməsinin vitse-prezidenti Robert Herman qeyd edib.
 
«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, Robert Herman daha sonra deyib: «Jurnalistlər Sevinc Osmanqızı və Aynur Elgünəşə qarşı edilən ölüm təhdidləri hökumət tərəfindən açıq şəkildə qınanmalı, araşdırılmalı və buna görə cavabdeh olanlar məsuliyyətə cəlb edilməlidir».
 
Bəyanatda qeyd edilir ki, oktyabrın 4-də Azərbaycanın azad mediası sayılan «Meydan TV»nin ABŞ-da yaşayan jurnalisti Sevinc Osmanqızına və ailəsinə həyati təhlükə səviyyəsində təhdidlər olub. Eyni gündə Bakıda yaşayan müstəqil jurnalist Aynur Elgünəşə də zənglər gəlib və o, təhdidlər alıb.
 
«Meydan TV»nin Bakı ofisi 2014-cü ildə bağlanıb. Son 2 ildə Azərbaycan hökuməti «Meydan TV»nin bir çox reportyorlarının ölkədən çıxışına qadağa qoyub. 2016-cı ilin martında «Meydan TV»ə ilə bağlı açılan cinayət işi isə, hələ də, davam etdirilir.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də bildirilib ki, Aynur Elgünəşin təhdid edilməsi ilə bağlı şikayət araşdırılacaq.
 
Azərbaycan «Freedom House» təşkilatının 2016-cı il hesabatlarında azad olmayan ölkələr sırasında yer alıb.
 
Azərbaycan hökuməti isə «Freedom House»un bəyanatlarını qərəzli adlandırır. Hökumət hesab edir ki, Azərbaycanda jurnalistlər müstəqil fəaliyyət göstərir və təqib-təzyiqlərə məruz qalmır. /

Google+ WhatsApp ok.ru