Rüfət Səfərovun hüquqlarının müdafiəsi komitəsi yaranıb

Rüfət Səfərovun hüquqlarının müdafiəsi komitəsi yaranıb

 
Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb.
 
Bu barədə AzadlıqRadiosuna müdafiə komitəsinin rəhbəri, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirib. E.Quliyevin deməsinə görə, müdafiə komitəsi öz fəaliyyətini R.Səfərov azadlığa çıxacağı günə qədər davam etdirəcək: «Biz Rüfət Səfərov haqda hökmü ədalətsiz və qurama sayırıq. O, ölkədə baş verən ədalətsizliklərə etiraz olaraq prokurorluq orqanından istefa verdiyinə görə həbs edilib. Hamı bilir ki, bu, siyasi motivli bir həbsdir. Mən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri olaraq bu cür haqsızlığa biganə qala bilmədim».
 
Eldəniz Quliyev qeyd edib ki, 10-a qədər ziyalı ona müraciət edərək, bu komitədə fəaliyyət göstərməyə hazır olduğunu bildirib. 
 
Ötən il dekabrın 20-də Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.
 
Yanvarın 15-də Rüfət Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş, o, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.
 
Bu il sentyabrın 8-i Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rüfət Səfərovu 9 il azadlıqdan məhrum edib.
 
Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.
 
Rüfət Səfərov hakim Yeni Azərbaycan Partiyasından keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur. /

Google+ WhatsApp ok.ru