Kəndlinin torpağını əlindən almaq üçün yeni yol tapılıb

Xəbər verildiyi kimi, bundan sonra torpaq sahəsinin ardıcıl iki il və daha artıq müddətə istifadəsiz qalması inzibati məsuliyyətə səbəb olacaq. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, torpaqlardan səmərəli istifadənin təmin edilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər Nazirlər Kabinetinə təqdim olunub.
 
Dəyişikliyə görə, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (örüş, otlaq və biçənək sahələri istisna olmaqla) istifadə edilməsinə dair tələblər müəyyənləşdirilib. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ardıcıl iki il ərzində istifadəsiz qalmasına yol verilmir. Bu, inzibati məsuliyyət yaradacaq.
 
Bu qərarın arxasında əhalinin torpaqlarının əlindən alınması məqsədinin dayandığı da istisna olunmur. Əgər əhalinin lazımi texnikası yoxdursa, torpağı becərmək üçün vəsaitə malik deyilsə, həmin sahələrdən necə istifadə edə bilər?
 
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov  deyir ki, oliqarxlar, məmurlar kənd təsərrüfatına yararlı torpaqları icarəyə götürür, eləcə də pay torpaqlarını dəyər-dəyməzinə mülkiyyətçilərdən alırlar. Ekspert onların torpaq sahələrinin artıq 25-30 faizə çatdığını, əkinə yararlı sahələrin məmurların əlinə keçdiyini vurğulayır: “Onlar bu torpaq sahələrini fərqli formada ələ keçiriblər.  Tədbirlərin birində məlumat verildi ki, ”Gilan Holdinq”in 30 min hektar əkinə yararlı torpaq sahələri var. Bir rayonun əkinə yararlı torpaq sahəsi bir holdinqin əlindədir. Bu tendensiya davam edir. Məmurlar çalışır ki, digər yararlı torpaq sahələrini də ələ keçirsinlər. Ona görə də belə qanunların qəbul olunmasına çalışırlar”.
 
V.Məhərrəmov qeyd edir ki, məmurların yararlı torpaqları asanlıqla sahibkarların əlindən ala bilməsinə Kənd Təsərrüfatı Nazirliyi münbit şərait yaradır. Sahibkarların əksəriyyəti isə torpaqlarını icarəyə verdiyi üçün bunu sübut edə bilmir. Onlar maliyyə çətinliklərinə, istehsal vasitələrini ala bilmədiklərinə görə uzun müddət bu işlə məşğul ola bilmirlər. Ona görə də sahibkarların torpaqdan istifadə etməməsi əsas gətirilərək, sahələri əllərindən alınır: “Nəticədə sahibkarların uzun müddət torpaqdan içtifadə etməməsinə görə torpaqlarını əllərindən aldıqlarını deyirlər. Lakin belə qayda-qanunlar heç vaxt məmurlara tətbiq olunmur”. azadliq.info /

Google+ WhatsApp ok.ru