Karserə salınmış partiya liderindən xəbər yoxdur

Karserə salınmış partiya liderindən xəbər yoxdur

Cəza çəkdiyi Qobustan həbsxanasında karserə salınan Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovla vəkilinin görüşməsinə icazə verməyiblər.
 
Bu haqda partiya rəhbərinin vəkili Yalçın İmanov bildirib.
 
Vəkilin deməsinə görə, sentyabrın 5-də Qobustan həbsxanasında olub. M. Səmədovla görüşmək istəsə də, bu, baş tutmayıb.
 
«Nəzarətçi bildirdi ki, M. Səmədov vəkillə görüşmək istəmir», deyən vəkil buna inanmadığını ifadə edib.
 
O, deyib ki, 1 ilə yaxın müddətdə M. Səmədovu müdafiə edib. Partiya sədri indiyədək ona heç bir irad bildirməyib.
 
Vəkilin deməsinə görə, M. Səmədov ötən həftə sentyabrın 26-na təyin olunmuş referendum əleyhinə aclıq aksiyasına başlayıb. Vəkili aksiya keçirən partiya sədrinin səhhətində problemlər yarandığını, görüşə də elə buna görə icazə verilmədiyini güman edir.
 
«Aclıq aksiyasına başladıqdan sonra onu karserə salıblar. Güman ki, buna görə onun səhhəti pisləşib. 8 günlük aclığın ardınca karserə salınması səhhətini ağırlaşdıra bilər», vəkil bildirib.
 
Penitensiar Xidmət M. Səmədovun durumunu, habelə onun vəkili ilə görüşə bilməməsini şərh etməyib.(azadlıq.org)

Google+ WhatsApp ok.ru