İkirəqəmli inflyasiya gözlənilir

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda Ümumi Daxili Məhsulun 1 faiz azalacağını proqnozlaşdırır. Neftin qiymətinin yenidən artması ilə isə 2017-ci ildə 1 faiz artım olacağını düşünür. “APA-Economics" xəbər verir ki, bu barədə ADB-nin açıqladığı proqnozlarda qeyd edilib.
 
Bankın analitikləri hesab edir ki, sosial xərclərin yüksək olması 2016-cı ildə Azərbaycanda iqtisadi aktivliyin zəiflməsinin qarşısını nisbətən alacaq.
 
Bankın proqnozuna görə, bu il yüksək inflyasiya real gəlirlərin azalmasına səbəb olacaq.
 
Bundan başqa, neft hasilatının azalması ilə bu il sənayenin həcmi kiçiləcək. Lakin 2017-ci ildə neftin qiyməti artarsa, vəziyyət bir qədər yaxşılaşa və gəlirlər arta bilər.
 
ADB-nin proqnozlarına görə, dövlət dəstəyi (investisiyaları) tikinti və aqrar sektorları canlandıra bilər.
 
"2016-cı ildə ixracın azalması, 2017-ci ildə isə neft qiymətlərinin artması fonunda ixrac gəlirlərinin artması gözlənilir. 2016-cı ildə inflyasiyanın 12 faizə yüksələcəyi proqnozu məzənnənin ucuzlaşmasının idxala olan təsirini əks etdirir. 2017-ci ildə inflyasiyanın 5,2 faizədək azalacağı ehtimal olunur. Buna baxmayaraq, manatın məzənnəsi daha da zəifləyərsə, inflyasiya yüksək ola bilər. Neft qiymətlərinin qeyri-müəyyən olması cari hesab üzrə gəlirlərə mənfi təsir edir. Tədiyyə balansının ÜDM-in 0,6 faizinə bərabər mənfi saldo ilə nəticələnməsi proqnozlaşdırılır. 2017-ci ildə neft qiymətlərinin gözlənilən artımı ilə ixrac gəlirlərinin 7 faiz artacağı və bu səbəbdən cari hesab üzrə balansın ÜDM-in 1,5 faizi həcmində müsbət saldo ilə nəticələnəcəyi proqnozlaşdırılır", – deyə məlumatda bildirilir. 
 
Ötən il hökumətin bildirməsinə görə, ölkədə inflyasiya cəmi 4 faiz olmuşdu. Müstəqil iqtisadçılar isə bunu kiçildilmiş rəqəm sayırdılar. /

Google+ WhatsApp ok.ru