İlhamiyyə Rzayeva: “Televiziyalar bu gün davranışları ilə bir daha göstərdilər ki, onlar bizdən deyillər”

Ötən gün Bakıda çox böyük bir faciə yaşandı. Bir binanın fasad örtüyünün yanması səbəbi ilə bütöv bina yandı. Binanın yanması nəticəsində 16 nəfər həlak oldu və 60-dan yuxarı insan yaralandı. Hadisənin faciəli tərəfi ondadır ki, ölənlərin arasında 1,5 yaşlı, 3 yaşlı uşaqlar da var. Amma bu faciə kanallarda öz əksini lazımı səviyyədə tapa bilmədi. Əslində bu yeni bir hal deyil. Amma bu cür faciəyə vaxtında kanallarda yenə şou proqramlarının yayınlanması sadəcə ikrah hissi yaratdı.

 

Jurnalist İlhamiyyə Rzayeva Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, televiziyalar müstəqil qərar qəbul etmək imkanına malik deyillər: “Düşünürəm ki, biz ətrafımızda baş verən mənzərəni ona görə müşahidə edirik ki, belə hadisələr bir sistem halında idarə olunmur.

 

Televiziyalar yuxarılardan xüsusi bir göstəriş gözləyirlər ki, bu məlumatları versinlər. Təbii ki, televiziyalar müstəqil qərar qəbul etmək imkanına malik deyillər. Ölkədə çox böyük bir miqyasda faciə baş verib. Bunun üçün xüsusi bir göstərişmi olmalıdır? Bütün saytlar yazır, bütün sosial şəbəkələr bu xəbərlərdən partlayır, amma televiziyalarımızda heç bir şey olmamış kimi mənzərə yaradılır. Ekranlarda dəxli olmayan verlişlər verilir, musiqilər səsləndirilir və s. bütün bunlar insanlarda yalnız qıcıq doğurur. Bütün bununla televiziyalar onu göstərirlər ki, onlar bizdən deyillər. Hər halda bizdən olsaydılar bizim dərdimizə şərik olardılar”. /

Google+ WhatsApp ok.ru