İlhamiyyə Rzayeva: “Media obyektiv informasiya verməkdə müstəqil olmalıdır”

Son illər müstəqil mətbuata olan təzyiqlər sistemli şəkildə davam etdirilir. Belə ki, bu günlərdə verilən qərara görə, iki dəfə xəbərdarlıq edilən qəzetlər Ədliyyə Nazirliyi tərəfindən bağlanacaq. Bu qərar təbii ki, bir çox müzakirələrin, polemikaların yaranmasına səbəb olur. Bu vaxta qədər onsuz da çox çətinliklə mövcudiyyətini qorumağa çalışan media orqanları bu qərardan sonra durumları bir qədər də çətinləşəcək. Təbii ki, bəzi media orqanları dezinformasiyalar yayırlar. Lakin bu qanunların həmin KİV-lərə aid olub-olmayacağı isə tam sual altındadır.
 
Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən jurnalist İlhamiyyə Rzayeva deyib ki, son zamanlar saytların elektron KİV-lərin fəaliyyəti peşəkarlıqdan xeyli uzaqlaşıb və artıq qərəzli bir alətə çevrilib: “Qeyri-peşəkar bir media orqanı maraqlı gruplar, şəxslər tərəfindən kobud şəkildə istismar edilməkdədir. Bunun qarşısının alınması üçün bir mexanizm düşünülməlidir. Məhkəmələrin indiki durumu bu məsələnin məhz məhkəmələr yolu ilə həll ediləcəyinə ümid vermir. Hazırki vəziyyətdə belə media qurumlarının özü məhkəmə missiyasını öz üzərlərinə götürüblər. Özü də ədalət məhkəməsi deyil, linç məhkəməsi.
 
Görünən odur ki, məhz bu "məhkəmələrin" hökmü daha kəsərlidir. Hökmün ədalətli olub olmamasından asılı olmayaraq. İstənilən bir olay araşdırılmamış, məhkəməyə çıxmamış bunlar hökm verib "cəza" təyin edilər və bu məsələlərin sonrakı gedişatına çox acınacaqlı təsir göstərir. İctimai şəkildə yarqılanmış, linç edilmiş şəxsə gerçək məhkəmənin fərqli hökm oxumasına bir növ ehtiyac qalmır. Zənnimçə məhkəmələr öz nüfuzlarını bərpa etməlidirlər.
O ki, qaldı KİV-lərin özlərinə, onların maliyyə qaynaqları araşdırılmalı və kimlərin əlində alətə çevrildikləri ifşa edilməlidir. Mən media qurumlarına məhdudiyyətlər qoyulmasının həmişə əleyhinə olmuşam. Lakin onlar azad söz, gerçək, obyektiv infomasiya verməkdə azad olmalıdırlar, təhqirlər, qarayaxmalar etməkdə deyil”./

Google+ WhatsApp ok.ru