Ölkədə benzin ucuzlaşmayacaq

Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Hazırda London birjalarında Brent markalı neftin bir barelinin dəyəri 85 dollara təklif edilir. "Qara qızıl"ın ucuzlaşması sənaye sektorunda istehsal olunan məhsulların maya dəyərinin də aşağı düşməsinə səbəb olub. Ucuzlaşma benzin istehsalında da özünü göstərir. Sentyabr ayında dizel və benzinin satış qiyməti 4,3 faiz azalıb.
 
Azərbaycana gəlincə, ucuzlaşma "Premium Avro-95" markalı benzinin qiymətində müşahidə edilir. Belə ki, sözügedən yanacaq 2 qəpik aşağı salınaraq 95 qəpiyə təklif olunur. 
 
Digər markalı yanacaqlarda isə, hələ ki, ucuzlaşma baş verməyib. Neftin qiyməti aşağı düşməkdə davam edərsə, Azərbaycanda yanacağın qiymətində enmələr ola bilərmi?  
 
İqtisadçı-ekspert Samir Əliyevə görə, bir sıra idxalçı ölkələrin təcrübəsi göstərir ki, dünya bazarında neftin ucuzlaşması həmin dövlətlərdə satılan benzinin qiymətinin aşağı düşməsinə gətirib çıxarır: "Azərbaycan isə benzini yeni idxal etməyə başlayıb. Bu vaxtadək əsasən, benzin ixrac edən ölkə idi. 
 
Neftin dünya bazarında ucuzlaşması idxal  etdiyimiz 95 və 98 oktanlı benzinlərə şamil edilə bilər. Bu gün neftin bir barelinin qiyməti 115 dollardan təqribən 85 dollara qədər düşüb. Hardasa 30 faiz ucuzlaşıb. Neftin ucuzlaşması benzin istehsalının maya dəyərinin aşağı düşməsinə gətirib çıxarır. Ona görə də Azərbaycanda da idxal olunan 95-dən yuxarı oktanlı benzinin qiyməti ucuzlaşmalıdır. Bu yaxınlarda cüzi də olsa, bu baş verdi". 
 
S.Əliyev bildirdi ki, "qara qızıl"ın ucuzlaşması ölkə daxilində istehsal olunan  92 və ondan aşağı oktanlı benzinlərin qiymətinə təsir göstərmir: "Ona görə ki, Azərbaycan neft ölkəsidir. Onun dünya bazarında ucuzlaşması hasil olunan neftin maya dəyərinin ucuzlaşmasına gətirib çıxarmır. Əgər "qara qızıl"ı idxal edib istehsal etsəydik, o zaman həmin benzinlərin qiymətləri də ucuzlaşa bilərdi". 

Google+ WhatsApp ok.ru