Ölkələrin aclıq indeksi açıqlandı - Azərbaycanda durum necədir?

Ölkələrin aclıq indeksi açıqlandı - Azərbaycanda durum necədir?

Gündə təxminən 795 milyon adam, o cümlədən milyonlarla uşaq yatağına ac girir. Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutunun məlumatında belə deyilir. İnstitut inkişaf etməkdə olan ölkələrdə aclığın və bu problemlə mübarizənin səviyyəsini müəyyən etməkdən ötrü 2016-cı il üçün Qlobal Aclıq İndeksi hazırlayıb. Siyahıda Azərbaycanın da adı var.
 
Azərbaycan aclığın səviyyəsinə görə 118 ölkə arasında 9.8 bal toplayıb. Müqayisə üçün deyək ki, problemin ən böyük olduğu ölkələr Afrika ölkələridir. Birinci, yəni ən pis yeri 46.1 balla Mərkəzi Afrika Respublikası tutub. Daha 6 ölkənin ən qorxulu vəziyyətdə olduğu da üzə çıxıb. Pakistan, Tacikistan, Hindistan, Şimali Koreya da daxil olmaqla, 40-dan çox ölkədə aclıq səviyyəsi göstəriciləri böyükdür.
 
TÜRKİYƏ – 5 BAL
 
Qonşu ölkələrdən Gürcüstan və Ermənistanın durumu Azərbaycanla müqayisədə daha yaxşıdır. Ermənistanda aclığın səviyyəsi cəmi 8.7 bal, Gürcüstanda 8.2 baldır. Rusiya 6.8 balla qiymətləndirilib. Türkiyə aclıq səviyyəsi ən aşağı ölkələr sırasındadır, göstəricisi 5 baldan da azdır.
 
Ölkələrin aclıq indeksi xroniki aclığın, uşaq ölümünün, uşaqlarda çəkidən qalmanın (boyuna görə) və inkişafın (yaşına görə) ləngliyinin göstəricilərinə əsasən müəyyən olunur.
 
Siyahıya görə, Azərbaycanda 2016-cı ildə xroniki aclıqdan əziyyət çəkənlər əhalinin 1.7%-ni təşkil edib. Uşaqların (5 yaşdan aşağı) 3.1%-də boyuna görə çəki azlığı, 18%-də yaşına görə inkişaf ləngliyi müşahidə olunub. Uşaq ölümü göstəricisi 3.2%-dir.
 
MÜHARİBƏLƏRDƏN ƏZİYYƏT ÇƏKƏNLƏR
 
Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu aclıq indeksini hər il hazırlayır. Məqsəd aclıqla qlobal şəkildə, eləcə də ayrı-ayrı region və ölkələrdə hərtərəfli mübarizə aparmaq, görülməli tədbirlərin istiqamətlərini müəyyənləşdirməkdir. Təşkilat bu sahədəki tədbirlərin nəticələrini – uğurları və uğursuzluqları vurğulamaqla aclığın səviyyəsinin azalmasına çalışır.
 
Ekspertlər müəyyən ediblər ki, aclıq indeksinin hələ də yüksək olduğu ölkələr son illər təbii fəlakətlərdən, vətəndaş müharibələrindən, iqtisadi sabitliyin olmamasından əziyyət çəkənlərdir.
 
Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu bildirir ki, 2000-ci illə müqayisədə inkişaf etməkdə olan ölkələrdə aclığın səviyyəsi, ümumiyyətlə, 29% azalıb. Amma beynəlxalq qurumların məqsədin 2030-cu ilə qədər problemin kökünü kəsməkdir. Və bundan ötrü daha çox iş görülməlidir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru