Məhkəmə qətldə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdırıb

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Knyaz Knyazov, Anar Eminov və Emin Mirzəyevin apelyasiya şikayətləri və istintaq orqanının apelyasiya protesti əsasında məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara görə, istintaq orqanın protesti təmin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilərək təqsirləndirilən şəxslərin barəsində yeni hökmü çıxarılıb. 
 
Belə ki, Anar Eminov 14 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqdan olan Emin Mirzəyev 2  il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.
 
İttiham aktına görə, Emin Mirzəyevlə Kamran Xamıyev arasında mübahisə baş verib. Bu zaman Emin Mirzəyev tanışları Cəfər Abbasov, Knyaz Knyazov, Anar, Hüseyn və İlkin adlı şəxsləri hadisə yerinə çağırıb. Münaqişə zamanı Knyaz Knyazov bıçaqla Orxan Xamıyevi qətlə yetirib. Eyni zamanda Orxanın qardaşları Fərrux və Kamran Xamıyevlər də müxtəlif xəsarətlər alıblar. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Eminov 11 il, Knyaz Knyazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilən Emin Mirzəyevin əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinə xitam verilib.
 
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsi, Baş Prokurorluq isə onların cəzalarının ağırlaşdırılması tələbi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər

Google+ WhatsApp ok.ru