Manatın qaranlıq gələcəyi

Manatın qaranlıq gələcəyi

“Azadlıq.info” saytında “Mərkəzi Bank ilin sonuna qədər manatı ucuzlaşdırmağa çalışır” sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, artıq, ölkədə yenə, bəzi kommersiya bankları dollar satışından imtina edib. Vəziyyət heç də xoş deyil. Bir dollar rəsmi məzənnəyə görə, 1 manat 70 qəpiyi keçib: "Son zamanlar dolların hər gün cüzi irəliləməsi adi hala çevrilib. Manatın yaxın gələcək üçün perspektivi isə qaranlıq görünür. Gərəkən addımların zamanında atılmaması maliyyə böhranından qurtulmağı bir qədər də çətinləşdirir".
 
İqtisadçı Samir Əliyev qeyd edir ki, kommersiya banklarında dolların alış qiyməti son vaxtlar rəsmi məzənnədən bir qayda olaraq yüksək olur: "Bu onu göstərir ki, bankların dollara tələbatı yüksəkdir. Buna görə də banklar dollar almaq üçün bu cür yüksək məzənnə təklif edirlər".
 
Ekspertə görə, hökumət manatın məzənnəsini saxlamaqda maraqlı deyil: “Əvvəlki dövrdə də manatın ucuzlaşması gedirdi. Amma hazırda bu proses bir qədər də sürətlənib. Mərkəzi Bank ilin sonuna qədər manatı müəyyən həddə qədər ucuzlaşdırmağa çalışır”.
 
İqtisadçı hesab edir ki, referendum ərəfəsində manatın ucuzlaşması istiqamətində bir fasilə yarandı, indi həmin mərhələnin kompensasiyası gedir.
 
S. Əliyev deyir ki, həm neftin ucuzlaşması, həm də dekabrda dolların uçot dərəcəsinin qaldırıla biləcəyi ehtimalı manata yaxşı bir gələcək vəd etmir. /

Google+ WhatsApp ok.ru