Nəqliyyat Nazirliyi ləğv edilə bilər

Ziya Məmmədovun rəhbərlik etdiyi qurum artıq formal xarakter daşıyır

Parlament seçkilərindən sonra Nəqliyyat Nazirliyi ləğv oluna bilər. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, “yuxarılar” artıq bu quruma lüzum görmür. Çünki nazirlik nəqliyyat siyasətini həyata keçirən qurum kimi özünü doğrultmadı.
 
“Digər tərəfdən onsuz da Nəqliyyat Nazirliyi tabe olan bəzi qurumlar faktiki olaraq müstəqilləşib. Bu sırada ”Azal"ı və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini göstərmək olar. Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin edildikdən sonra demək olar ki, bu qurum da müstəqilləşib. Bundan başqa paytaxtda yol tikintisi Bakı Şəhər Icra Hakimiyyətinə, qəsəbə daxili yolların salınması bələdiyyələrə tapşırılıb. Yol tikintisi ilə bağlı ayrıca bir qurum da var: “Azəryolservis”. Doğrudur, bu qurum Nəqliyyat Nazirliyinə tabedir. Lakin onun da müstəqil quruma çevrilməsi ilə bağlı planlar var. Sərnişindaşımaya gəlincə, paytaxtda bu sahə Bakı Şəhər Icra Hakimiyyətinə verilib. Beləliklə, demək olar ki, Nəqliyyat Nazirliyi formal bir quruma çevrilib", - deyə mənbə bildirib.
 
Mənbə əlavə edib ki, taksi fəaliyyətinə lisenziya verilməsinin ASAN Xidmətə tapşırılması da Nəqliyyat Nazirliyinin ləğvilə bağlı planlardan irəli gəlir.
 
Qeyd edək ki, “Azadlıq” bir müddət əvvəl məlumat yaymışdı ki, nəqliyyat naziri Ziya Məmmədov Prezident Administrasiyasına çağırılıb. Orada nazir iki məsələyə görə sərt danlanılıb. Bunlardan biri nazirin oğlu Anar Məmmədovun təsisçisi olduğu Azərbaycan-Amerika Alyansının yarıtmaz fəaliyyətidir. Azərbaycan-Amerika Alyansı ABŞ-da Azərbaycan hakimiyyəti barədə müsbət imic formalaşdırmaq üçün mükəlləf olan təşkilatdır. Bəzi məlumatlara görə, təşkilata ayda təxminən 3 milyon dotasiya ayrılır. Lakin 2011-ci ildən fəaliyyətdə olan təşkilat indiyə qədər ciddi nəticələr əldə edə bilməyib. PA-da isə nəqliyyat nazirindən təşkilata ayrılan pulların hesabı sorulub.
 
Ikinci məsələ isə taksilərlə bağlı olub. Ziya Məmmədovun diqqətinə Bakıda fəaliyyət göstərən taksilərin cüzi hissəsinin qeydiyyata alındığı bildirilib və digər taksilərdən yığılan pulların hesabı sorulub.
 
Təsadüfi deyil ki, bu günlərdə Anar Məmmədov rəhbəri olduğu Amerika-Azərbaycan Alyansının fəaliyyətini dayandırıb. Bundan sonra taksilərə lisenziya verilməsi ASAN Xidmətə tapşırılıb.

Google+ WhatsApp ok.ru