Nardaran Ağsaqqalı: Keçirdiyimiz aksiya nəticə verdi

Dekabrın 8-də Nardaran kənd sakinləri mərkəzi meydanda etiraz aksiyası keçiriblər. Onlar kənddə işsizlik və kommunal problemləri, xüsusilə son günlər elektrik enerjisinin fasilələrlə verilməsini diqqətə çatdırıblar. İki gün sonra, dekabrın 10-da etiraz  aksiyası yenidən davam etdirilib.
 
İslaminsesi.org saytının əməkdaşı nardaranlıların keçirdiyi aksiyanın nəticələri haqda məlumat almaq üçün kənd ağsaqqallar şurasının sədri Natiq Kərimovla əlaqə saxlayıb. Meşədi Natiq bildirib ki, son 2 gündə işıq problemi həll olunub:
 
“Azı bir həftədir kəndin işıqlarını kəsiblər. Sutkada 7 saat fasilələrlə elektrik enerjisi verilirdi. Qalan vaxtlar işıqları kəsirdilər. Son 10 gündə vəziyyət belə idi. Camaatın sakit dayanmasını görüb enerjinin verilməsini 1 saat da azaltdılar. Kənddə neçə illərdir qaz problemi öz həllini tapmır. 14 ildir bu məsələ açıq qalıb. Nardaranın da etiraz forması mitinqdir. Mitinqə çıxıb tələb etdik ki, əgər işığın verilməsi bərpa olunmasa, biz sayğaclarımızı çıxaracağıq. Bizdən tələb edilən pulu onsuz da verə bilməyəcəyik. Çünki camaatın o qədər borcu verməyə maddi imkanı yoxdur. Elektrik enerjisinin fasilələrlə verilməsi camaata zülm etmək deməkdir. Buna görə də yığışıb  iki dəfə mitinq keçirdik. Onu deyim ki, hec bir polis müdaxiləsi və təzyilər olmadı. Bundan sonra daha işıqlarımız kəsilmir. Bütün gün ərzində verilir.”
 
Müxbirin Nardarana təbii qaz niyə görə verilmir,  sualına cavab olaraq Natiq Kərimov bildirib ki, yay aylarında 3 çərgə mavi yanacaq borusu çəkilsə də heç bir evə qaz verilməyib:
 
”Orada aylardır təmir-quraşdırma işləri gedir, amma bu işlər bitmək bilmir. Bizə deyilmişdi ki, soyuqlar düşənə qədər iş yekunlaşdırılacaq. Amma qış gəlsə də qazdan hələ də bir xəbər yoxdur. Biz tez bir zamanda qaz verilməsini tələb etdik və bildirdik ki, işləri sürətləndirmək üçün 2 briqada ayırsınlar.”
 
 Rayon işra başçısı və müvafiq idarə rəhbərləri ilə davamlı olaraq görüşdüklərini deyən müsahibimiz qarşıdurma yaratmaq niyyətlərinin olmadığını bildirdi: 
 
“Rayon rəhbərləri ilə də mütəmadi görüşlərimiz olur. Biz qarşıdurma istəmirik. Problemlərin yoluna qoyulmasını tələb edirik.  Bizim mitinqimiz artıq nəticə verib. Amma bütün tələblərimizi ilk növbədə rayon rəhbərliyinə bildiririk. Biz də öz növbəmizdə çalışacayıq imkanımız daxilində elektrik enerjisi haqqını ödəyək.“
 
Kənd sakinlərinin həm elektrik, həm də qaza xeyli borcları olduğunu deyən  N. Kərimov  qaz idarəsi ilə danışıq apardıqlarını və kəndin hissə-hisə qazla təmin ediləcəyini vurğuladı:
 
«Düzdür, mənim yaşadığım məhəllədə hələ qaz yoxdur. Amma digər məhəllələr qismən mavi yanacaqla təmin olunub. Əsas problem işsizlikdir. Biz bu haqda azı 10 ildir danışırıq. Kənddə məşğulluq sahələri yaradılmayıb.  Bura su da verilmir ki, camaat əkin-biçinlə məşğul olsun. Bizim əhalinin sosial durumu heç də yaxşı deyil. Əgər camaat hardasa işləsəydi kommunal xərclərini də ödəyərdi. Bizə ya güzəşt olunmalı, ya da camaatın işləyib qazanması və kommunal xərcləri ödəyə bilməsi üçün imkan yaradılmalıdır. Başqa yol yoxdur.” /

Google+ WhatsApp ok.ru