İndi də almanlar Qarabağda at oynadırmış

Almaniyanın Berlin şəhərində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun V iclası keçirilib.
 
Maide.az İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, iclasa Azərbaycan tərəfindən nazirlik aparatının rəhbəri Samir Vəliyev, Almaniya tərəfindən isə Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik ediblər.
 
İclasda Azərbaycan və Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun IV iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, kənd təsərrüfatı, təhsil, ölkəmizdə yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirakı imkanları, neft-qaz, enerji səmərəliliyi və bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, tvinninq layihələrinin icrası, biznesin idarə edilməsi sahəsində yerli menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakı və bir sıra digər məsələlər müzakirə olunub.
 
Bu ilin iyun ayında Almaniya Bundestaqının Azərbaycan ilə bağlı qərəzli və qeyri-obyektiv qətnaməsinin hər iki ölkə arasında əməkdaşlığın inkişafına mənfi təsir göstərdiyi, bəzi alman şirkət və təşkilatlarının Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyəti diqqətə çatdırılıb, həmin şirkətlər haqqında məlumatlar qarşı tərəfə təqdim olunmuş və onların qanunsuz fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.
 
Almaniya tərəfi həmçinin, bəzi alman şirkət və təşkilatlarının işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyəti məsələsinin araşdırılacağını qeyd edib.
 
Qeyd edək ki, vaxtaşırı olaraq Avropa ölkələrinin Qarabağda qeyri-qanuni şirkət yaratmaları barədə mediada məlumatlar dərc olunur. Bu şirkətlərin aid olduğu ölkələrə xəbərdarlıq göndərilir və həmin şirkətlərin fəaliyyətinin dayandırılması tələb olunur. Xəbərdarlıqlara fikir verməyən şirkətlər isə XİN tərəfindən "qara siyahı"ya salınır.

Google+ WhatsApp ok.ru