Neft azalır. qaz artır...

Neft azalır. qaz artır...

"Yeni Müsavat" qəzetində "Azərbaycan iqtisadiyyatının neftdən asılılığı azalırmı?" sualına ekspertlərlə cavab axtarılır.
 
Müəllif yazır ki, dünya bazarında neft ucuzlaşdıqdan sonra ölkədə qeyri-neft sektorunun inkişafından ötrü proqramlar tərtib edilib, islahatyönlü addımlar atılıb.
 
İqtisadçı deputat Vahid Əhmədov mövcud vəziyyəti qəzetə belə dəyərləndirib:
 
"Bu asılılıq getdikcə azalır, uzun müddətdir ki, bu barədə çox danışılıb. Dövlət başçısı da müəyyən göstərişlər verib. Əsasən 2016-2017-ci illərdə asılılıq müəyyən qədər aradan qaldırılıb. Düzdür, hazırda neft yenə də əsas ixrac məhsulumuzdur, milli valyutamız da faktiki olaraq neftdən asılıdır. Amma buna baxmayaraq, qeyri-neft sektorunun inkişafı üçün işlər görülür".
 
V.Əhmədov vurğulayıb ki, 2016-cı ildə qəbul edilən strateji yol xəritələrində qeyri neft sektorunun inkişafına xüsusi önəm verilir:
 
"Hazırda Sumqayıtda, Mingəçevirdə, Balaxanıda salınan sənaye zonaları, nəqliyyat sektorundakı ciddi irəliləyişlər aparılan işlərin göstəricisidir. Bu gün Qaradağda böyük dəniz limanı tikilir...".
 
Amma deputat hesab edir ki, hələ ki, qeyri-neft sektorunun inkişafı, ürəkaçan deyil.
 
Başqa bir iqtisadçı Natiq Cəfərli də deyib ki, neftdən asılılıq bir elə azalmayıb:
 
"Makroiqtisadi göstəricilərə baxanda görürük ki, asılılıq azalmayıb. Çünki xarici ticarətdə hələ də neftin hegemonluğu hiss olunur. Son illərdə, sadəcə, qazla bağlı artım var və bir il öncə ixracın 2 faizini təşkil edən qaz indi 8 faizə yüksəlib. Neft azalsa da, qaz çoxalır. Bu yenə də enerji resurslarından asılılıq deməkdir".
 
N.Cəfərli deyir ki, Ümumi Daxili Məhsulda (ÜDM) neftin payı azalıb. Ancaq bu, hələ neftdən asılılığın aradan qaldırılması anlamına gəlmir. /

Google+ WhatsApp ok.ru