Neft Fondu ili qəpik-quruşla başa vurdu

Ötən il ARDNF-in aktivləri üzrə gəliri 0.89 faiz olub

Samir Əliyev: «Bu vəsaitlərin ölkəyə gətirilməsinin tərəfdarı olsam da, onların xərclənməsində şəffaflığın olacağı az ehtimal olunandır»
 
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il ərzində büdcə gəlirləri 7 721,1 milyon manat, büdcə xərcləri isə 9 187,7 milyon manat təşkil edib. Bu haqda ARDNF-in hesabatında məlumat yer alıb.
 
Qeyd edək ki, Fondun ötən ilin büdcəsinin proqnozlarına görə, gəlirlərin 10,2 milyard manat, xərcləri 11,8 milyard manat təşkil etməsi nəzərdə tutulub. Beləliklə, büdcənin proqnozu ilə icra olunmuş variantı arasında təqribən 2,5-2.7 manat kəsir varÿ(“Bizim Yol”).
 
Hesabata görə, 2015-ci il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 385,5 milyon manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 335,6 milyon manata bərabər olub. Proqnozlarda isə 495 milyon manat nəzərdə tutulmuşdu. Vəsaitlərin idarə olunmasından əldə olunan gəlirlərə dair proqnozların azalması maraq kəsb edir. Çünki neftin qiymətinin azalması ancaq neft və qaz sazişlərində daxilolmalara təsir göstərə bilər. Fondun aktivləri isə müxtəlif səhmlərdə, qiymətli kağızlarda, daşınmaz əmlakda və qiymətli metallarda idarə olunur. Belə aydın olur ki, investisiya səbətində də problemlər yaşanır.
 
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Fondun büdcədənkənar gəliri 23 217,8 milyon manat təşkil edib.
 
Hesabat dövrü ərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 8 130,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
 
2015-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 27,9 milyon manat təşkil edib.
 
Ötən il ARDNF-in ümumi aktivləri üzrə toplam gəlirliliyi cəmi qızılla bir yerdə 0.89 faiz, qızılsız isə 1.24 faiz olub. Demək ki, qiymətli metal üzrə gəlirliliyin səviyyəsi mənfi olduğuna görə bu, ümumi gəlirlilik səviyyəsinin aşağı düşməsinə səbəb olub. Ekspertlərin fikrincə, aktivlərin idarə olunmasından əldə olunan gəlirlilik olduqca aşağı səviyyədədir. Neft gəlirlərinin azaldığı bir vaxtda fondun investisiya siyasətinə yenidən baxılmasını vacib sayırlar. Çünki sabit artan gəlirlər artıq geridə qalıb.
 
Maraqlıdır ki, dövlət kiçik faizlə kreditlərin cəlb olunmasına çalışsa da, əksər hallarda bu istiqamətdə səyləri fayda vermir. Ona görə sual yaranır ki, olduqca kiçik faizlə idarəçiliyə verilən neft pulları niyə ölkəyə gətirilmir?
 
Neft Fondunun aktivlərdən gələn gəlirin ümumiyyətlə son iki il ərzində 2 faizdən yuxarı olmadığını deyən iqtisadçı Samir Əliyev "Azadlıq"a bildirib ki, 2014-də bu göstərici 1.2, 2015-də isə 0.89 faiz olub. S.Əliyevin də sözlərinə görə, həqiqətən də haqlı sual çıxır ki, Azərbaycan öz neft pullarını xaricdə 0.89 faizlə yerləşdirsə də, vətəndaşlara qat-qat yüksək faizlə kredit verir: “Eyni zamanda dövlət xarici borcalmaya gedərək illik 4-5 faizlə pul cəlb edir. Nəyə görə neft pullarından istifadə olnmur, amma xaricdən daha yüksək faizlə pul cəlb edilir? Əslində bu haqlı sualdır. Amma məsələnin başqa bir tərəfi də var. Mən Neft Fondunun vəsaitlərinin ölkəyə gətirilməsini dəstəkləsəm də, bu məsələyə başqa cür yanaşmağın tərəfdarıyam. Fərz edək ki, o vəsait ölkəyə gətirildi. Həmin vəsait şəffaf xərclənəcəkmi? Mərkəzi Bankın rezervi bir ildə 10 milyard azaldı. Bu manatın məzənnəsinin saxlanmasına yönəldi. Kim zəmanət verə bilər ki, sabah Neft Fondunun da vəsaitləri manatın saxlanmasına yönəlməyəcək?”.

Google+ WhatsApp ok.ru