Neft Fondundan 44.2 milyon dollar `yoxa çıxıb`

İqtisadçı ekspert ilginc faktın üstünü açdı

Dövlət Neft Fondunun 44.2 milyon dollar vəsaiti “yox”a çıxıb. Bu faktı AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı ekspert Nemət Əliyev üzə çıxarıb. Ekspert Fondun iki hesabatındakı göstəriciləri tutuşdurub və arada bu qədər vəsait fərqinin heç bir izahat göstərilmədən yarandığını aşkarlayıb.

O, üzə çıxardığı faktı facebook səhifəsində paylaşıb. Nemət Əliyev yazır:

"Neft Fondundan 44,2 milyon dollar yoxa çıxıb? İndi Neft Fondunun itkiləri milyardla ölçülür. Olsun ki, çox iri itkilərə adətkar olmuşuq. Bu üzdən yoxa çıxan (çıxarılan) milyonlar diqqəti cəlb etməyə bilər. Amma xalqımızın o milyonlara çox ehtiyacı var. Neft Fondundan çox pullar xərclənib, əziz dostlar! Lakin hərəsinə bir ad qoyulub. Bu 44,2 milyon dolların isə nə adı bilinir, nə də yeri. Hələ ki, izindən, tozundan əsər-əlamət də görsənmir. Maliyyə Nazirliyinin də səsi gəlmir. Hesablama Palatasının adını tutmağa lüzum qalmayıb. Məsələ burasındadır ki, Neft Fondu “2014-cü il üzrə investisiya fəaliyyətinin yekunları”na dair hesabat açıqlayıb və bildirib ki, ilin əvvəlində valyuta vəsaitləri 35877,5 milyon dollar olub, il ərzində bu vəsaitlər 1270,8 milyon dollar artıb. Odur ki, 2014-cü ilin sonunda Fondun valyuta vəsaitlərinin həcmi 37148,3 milyon dollar təşkil edib. Hesabatda bu qədər aktivin valyuta tərkibi və yerləşmə coğrafiyası da təqdim olunub. (http://www.oilfund.az/uploads/presentation2014az.pdf)

Neft Fondu həm də “2014-cü il üzrə gəlir və xərclərə” dair məlumat yayıb və bildirib ki, 2015-ci il yanvarın 1-ə (2014-cü ilin sonuna) Fond aktivlərinin həcmi 37104,1 milyon dollar olub. Yəni, aktivlərin həcmi haqqında məlumat təhrif olunmuş - azaldılmış şəkildə ictimaiyyətə ötürülüb və bunun səbəbləri haqqında "məlumat"da heç bir izahat verilməyib. http://www.oilfund.az/…/hesabat-ar…/rublukh/2014_1/2014_1_4/

Fərq 44,2 milyon dollardır (37148,3-37104,1=44,2). Narahatçılıq bundadır ki, Fond özünün növbəti hesabatlarını və hesablamalarını bu kobud səhvin (?) üzərində qurub. (http://www.oilfund.az/uploads/presentation2015_1az.pdf)

Və deyəsən belə hesablama Neft Fondunun işinə yarayıb.? Bir sözlə, 44,2 milyon dolların izi-tozu itir..."(Azadlıq)

Google+ WhatsApp ok.ru