Neft Fondunun ehtiyatları da təhlükə qarşısında…

Mərkəzi Bank vasitəsilə dünən növbəti dəfə hərrac təşkil olunub. Dövlət Neft Fondu tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Bu vəsaitdən 177 milyon 450 min dollar 13 banka satılıb. Bu barədə “Marja”ya Neft Fondundan bildirilib. Qeyd olunub ki, il ərzində Fond tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
 
Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, daxili ehtiyacların ödənməsi məqsədilə Mərkəzi Bank vasitəsilə keçirilən dollar satışı Neft Fondunun valyuta ehtiyatlarının azalmasına səbəb olacaq. Ekspertin sözlərinə görə, belə bir addım Mərkəzi Bankın çox az səviyyədə olsa da, valyuta ehtiyatlarının mövcudluğu görüntüsünü yaratmaq zərurətindən irəli gəlir: “Neft Fondu Mərkəzi Bankın hərracı vasitəsilə indiyədək 600 milyon valyuta ehtiyatını satışa çıxarıb. Məsələnin bu cür həlli normal deyil. Daha normal şəkildə prosesi tənzimləmək olar. Valyuta satışının Neft Fondunun, yaxud Mərkəzi Bankın hesabına həyata keçirilməsinin fərqində deyillər. Hər bir halda, bu qayda məqbul deyil. Xarici valyutaya olan  tələbatın ödənilməsi Mərkəzi Bankın valyuta ehtiyatları hesabına həyata keçirilməlidir. Çox böyük ehtimalla, məsələni əyri metodlarla reallaşdırmaq ənənəsi hələ də qalır. Mərkəzi Bank hər gün az qala, 10 milyon valyuta satışını həyata keçirməklə bunu Neft Fondunun ehtiyatları hesabına reallaşdırır. Deməli, həm Mərkəzi Bankın, həm də Neft Fondunun valyuta ehtiyatları, rezervləri sürətlə azalır. Bu qaydada davam edərsə, Neft Fondunun ehtiyatları sürətlə əriyib qurtaracaq. Hökumət bu gün də ölkəyə valyuta axınını sürətləndirə bilməyib. Birdəfəlik anlamaq lazımdır ki, ölkəyə valyuta axını olmasa, əldə olan valyuta da sürətlə xərclənəcək”.
 
 
Nemət Əliyev vəziyyətdən çıxış yolu kimi, yalnız ölkənin qeyri-neft sektorunun inkişafına ümid qaldığını deyir. Bu sahəni inkişaf etdirmək hesabına normal vəziyyət yaratmaq mümkündür. Həmçinin, valyuta ehtiyatlarının səviyyəsini artırmağa nail olunmasa, valyutaya olan tələbatı ödəməyin alternativi kimi qeyri-neft sektorunun inkişaf yolu tapılmazsa, ekspert bu halda, böyük sosial-iqtisadi kataklizmlərin baş verəcəyinə şübhə etmir. azadliq.info /
 

Google+ WhatsApp ok.ru