Neftin qiyməti qalxır

Neftin qiyməti qalxır

-- bu, niyə yoxsullar üçün pis xəbərdir?

"The Telegraph" yazır ki, təhlilçilərin xəbərdarlığına görə yüksək neft qiymətləri qlobal iqtisadi yüksəlişi poza bilər.
 
Neft qiymətləri 2017-ci ilin iyunundakı aşağı səviyyəsindən hazırda 50 faiz yüksəlib.
 
JP Morgan və Barclays gələn il üçün neftin füçers qiymətlərini qaldırıblar. Morgan Stanley bildirir ki, bu öz növbəsində inflyasiya proqnozlarının da yüksəlməsinə səbəb ola bilər, çünki yüksək neft qiymətləri bir qayda olaraq daha yüksək enerji və yanacaq qiymətləri deməkdir.
 
Bu, nəticə etibarilə başqa malların, o cümlədən ərzaq və xidmətlərin qiymətlərinin qalxmasına səbəb olur.
 
Ekspertlər bildirirlər ki, inflyasiyanın yüksəlməsi iqtisadi artımı yavaşıdır, çünki bu halda mərkəzi banklar uçot faizini daha çevik qaldıra bilirlər.
 
Lakin təhlilçilər bunu da qeyd edirlər ki, neft qiymətlərinin qalxmasına elə qlobal iqtisadiyyatın özü rəvac verib. İqtisadi yüksəliş bir qayda olaraq neftə tələbatı artırır.
 
JP Morgan-ın təhlilçisi Abhishek G Deshpande-nin proqnozuna görə iqtisadi artım bu ilin sonunadək neftə olan tələbatı günə 98, 6 milyon barreldən 101, 1 milyon barrelə qaldıracaq.
 
Digər tərəfdən neft qiymətlərinin qalxmasına Venesuelada təchizatın çökməsi, OPEC-in hasilatı ixtisar etməsi də başlıca səbəblərdən biridir.
 
Ekspertlər bildirirlər ki, neft qiymətlərinin qalxması şist hasilatını da yüksəldəcək.
 
"ABŞ hasilatçıları son nəticədə sabit yüksək qiymətlərə daha sıx qazma ilə reaksiya verəcəklər və bu da sonrakı müddətdə qiymətlərin asılı qalmasına səbəb olacaq, - Barclays şirkətindən Michael Cohen deyib, - Bunun ardınca isə dünuyanın başqa yerlərindəki hasilatçıların hasilatı artırmağa həvəslənməsi baş verəcək…"
 
Amma şist hasilatının artımı baş verməsə və ya hər hansı başqa səbəblərdən təchizat üzərinə təzyiq artarsa, neft qiymətləri bir barrel üçün 84 dollara çata bilər. Bu, 2014-cü ildən bəri ən yüksək qiymət olardı və belə bir hal qlobal miqyasda daha ciddi nəticələrə gətirib çıxarardı.
 
JP Morgan şirkətinin iqtisadçısı Bruce Kasman da bildirir ki, neft qiymətlərinin 20 faiz qalxması iqtisadi yüksəlişin 0,5 faizini "yeyəcək".
 
Lakin "The Telegraph" JP Morgandan təhlilçi Abhishek Deshpande-yə istinadən yazır ki, neft qiymətləri qarşıdan gələn aylarda bir barrel üçün 78 dollara çatacaq, amma ilin sonuncu rübündə 60 dollara enəcək.(bbc)
 

Google+ WhatsApp ok.ru