İnhisar + Dövlət nəzarəti

İnhisar + Dövlət nəzarəti

«Novoye Vremya» qəzetində «Azərbaycanda internetə yeni maneələr» sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif xatırladır ki, bu yaxınlarda Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan ərazisində telekommunikasiya xidmətlərinə görə tətbiq edilən müvəqqəti məhdudiyyətlərin başa çatdığını bildirib:
 
«Amma aydın deyil ki, bu məhdudiyyətlər nə zaman tətbiq edilmişdi. Çünki bu barədə nazirlik hər hansı açıqlama yaymayıb. Bununla belə, şəbəkədəki problemlərdən anlamaq olur ki, bu məhdudiyyətlər İslam Həmrəyliyi Oyunları öncəsi baş verib».
 
Müəllif hesab edir ki, hazırda internet ünsiyyətin əvəzolunmaz hissəsinə dönüb. Bəzən bir ölkənin cəlbediciliyi internetə əlçatımlığı ilə də ölçülür.
 
Müəllifin fikrincə, Oyunlar ərəfəsində mesencerlərin fəaliyyəti ilə bağlı baş verən problemlər heç də ölkəyə marağı artırmayıb.
 
Yazıda vurğulanır ki, indi dünyada informasiya texnologiyalarının inkişafına prioritet kimi baxılır. Müasir iqtisadiyyat bu və ya digər mənada internet-texnologiyanın inkişafı ilə bağlıdır.
 
Yazıda bildirilir ki, indinin özündə belə, ölkədə internet sahəsində durum sevindirici deyil. Müəllifə görə, internetin sürəti inkişafdan xəbər vermir. 2015-ci ildə ölkədə internetə giriş sürəti 3.6 Mbit/s olub. Halbuki, dünya üzrə bu göstərici 5.6 Mbit/s-dir.
 
Yazıda bildirilir ki, ölkənin ən tanınmış internet-provayderinin istifadə etdiyi infrastruktur beynəlxalq standartlara cavab vermir. Odur ki, kanalın buraxılış qabiliyyəti olduqca aşağıdır, istifadəçi çoxluğu isə artıq bu sürətlə problemə dönür.
 
Müəllifin fikrincə, ölkədə internetin inkişafını qarşısını alan daha bir maneə inhisardır. Üstəlik, indi bu prosesə dövlət tənzimlənməsi də əlavə edilib. /

Google+ WhatsApp ok.ru