Novruz Məmmədov : Sanksiya söhbəti Azərbaycana təzyiq etmək üçündür

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib ki, “Sanksiya söhbəti Azərbaycana təzyiq etmək üçündür”.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qərbdəki bəzi dairələrin Azərbaycana qarşı sanksiya tətbiq olunması barədə çağırışlarına yanvarın 17-də münasibət bildirərkən deyib ki,“Bizə hansı formada sanksiyalar tətbiq edə bilərlər? Bizim üçün belə bir təhlükə olduğu fikrinin ortaya atılması, müəyyən sözlərin deyilməsi ancaq Azərbaycana təzyiq etmək üçündür. Azərbaycan ABŞ-ın da, Avropanın da marağında olan və 45 milyard dollardan artıq sərmayə qoyulacaq Cənubi Qaz Dəhlizi layihəsi kimi möhtəşəm layihə həyata keçirməyi planlaşdırır və bu istiqamətdə addımlar atır.”

Novruz MəmmədovAvropanı da qınayır: “Avropa 10 il bizim qulağımıza “Nabucco” deyə-deyə gəlib-getdi, dillərində qabar yarandı, lakin birdən-birə kefləri belə istədi ki, yox, bu layihəni həyata keçirmək olmaz. Avropa düşünməlidir ki, niyə Azərbaycanla bağlı bu oyunu oynayırdılar? Bəs məsuliyyət hanı? Heç üzr də istəmədilər, demədilər ki, on il “Nabucco” deyə-deyə gəlib-getməklə səhv etmişik. Belə olmaz axı? Ona görə də bizim üçün heç bir narahatlıq yoxdur”.

 Jurnalislərin ABŞ-ın Azərbaycana qarşı təzyiq siyasəti ilə bağlı sualına cavabında N.Məmmədov deyib ki, böyük dövlətlər sabitliyi, təhlükəsizliyi, inkişafı təmin etmək istəyirsə, iddialarından bir qədər çəkinməlidirlər.  "Biz bu müstəqillik illərində 23 ildən artıq müddətdə öz siyasi kursumuzu seçmişik və ona sadiqik, bu istiqamətdə də gedirik. Lakin bir şeyə diqqət yetirmək lazımdır ki, indiki beynəlxalq münasibətlərdə hansı proseslər hökm sürür və niyə? Hər bir dövlət oz maraqlarını ortaya qoyub onun həyata keçirilməsini tələb edəcəksə, bu dünya doğrudan da indiki vəziyyətə gəlib çıxacaq. Dünyada indi yaranan gərginliyin əsas səbəbi nədir? Bu Azərbaycandan asılı deyil ki. Azərbaycan bunun səbəbi deyil ki. Çox ciddi bir gərginlik var. Səhərdən axşamadək böyük dövlətlərin hansının televiziya kanalını açırsınızsa açın, görürsünüz ki, nələrdən danışırlar, nələr baş verir. Bunun həqiqət olub-olmadığı tamam başqa məsələdir".

N.Məmmədov düşünür ki, bu, çox təhlükəli prosesdir: "Bu təhlükəli prosesdən kənar olmaq lazımdır. Bu gün dünyada baş verən proseslər, əsasən, böyük dövlətlərdən asılıdır. Doğrudan da bunlar sabitliyi, təhlükəsizliyi, inkişafı təmin etmək istəyirlərsə, onda bu iddialardan bir qədər çəkinməlidirlər".

Onun sözlərinə görə, bu iddialar “mən nə istəyirəmsə, onu etmək lazımdır, onu etməlisiniz” prinsipinə gəlib çıxır: "Bunu isə şübhəsiz, elə dövlət olacaq ki, qəbul etməyəcək. Bu baxımdan Azərbaycan müstəqilliyi dövründə bütün vektorlarla çox uğurlu, səmərəli, gözəl nəticələri, nailiyyətləri olan əməkdaşlıq edib. O vektorlardan da ən mühümlərindən biri Avropa və ABŞ-dır".

Prezident Administrasiyası rəhbərinin müavini bildirib ki, Azərbaycan siyasi islahatlar sahəsində postsovet məkanındakı, eləcə də digər dövlətlərin heç birindən geri qalmır: "Buradakı vəziyyət onların böyük əksəriyyətindən daha yaxşıdır. Amma Azərbaycanın gördüyü işləri, enerji əməkdaşlığını, beynəlxalq əməkdaşlığını, terrorizmə qarşı mübarizəsini, ölkələrlə ikitərəfli iqtisadi əməkdaşlığını bir tərəfə qoysaq, özünün daxili inkişafı və müstəqil siyasi kursu ondan ibarətdir ki, biz bizə qarşı münasibətin ədalətli olmasını istəyirik. Biz bütün dövlətlərin maraqlarına hörmət edirik və bütün dövlətlərdən də tələbimiz ondan ibarətdir ki, onlar da bizim maraqlarımıza hörmət etsinlər. Yəni bu əlaqələr qarşılıqlı surətdə faydalı olmazsa, qarşılıqlı hörmət üzərində qurulmazsa, onda nəticə indiki vəziyyətə gətirib çıxaracaq. Çox təəssüf ki, bizə qarşı münasibətlərdə çox qərəzli, ədalətsiz, həqiqətə uyğun olmayan yanaşmalar görürük. Müəyyən dövlətlərdə müəyyən dairələrin istədikləri bizim üçün bir qanun, qayda prinsipi ola bilməz və biz onu qəbul edə bilmərik. Bizim bütün dövlətlərlə ilk illərdən qurduğumuz əməkdaşlığı davam etdirmək üçün qapılarımız açıqdır. Sadəcə olaraq, böyük dövlətlərdə belə bir iddia yaranıb ki, “mən nə dedimsə, beynəlxalq hüquq da bu olmalıdır”

 

Google+ WhatsApp ok.ru