`Pambıqçılara ancaq ziyana düşmək qaldı`

`Pambıqçılara ancaq ziyana düşmək qaldı`

-- orta hesabla hər hektar üzrə 1 ton 510 kiloqram məhsul toplanıb ki, bu da ...

"Novoye Vremya" qəzetində "Pambıqçılara ancaq ziyana düşmək qaldı" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif deyir ki, bu il pambıqçılıq sahəsində problemin kökü ucuz satınalma qiymətlərində və aşağı məhsuldarlıqdadır.
 
Müəllifə görə, çiçəklənmək, azalan neft gəlirlərini əvəz etmək, ölkəyə 100 milyonlarla dollar axını təmin etmək vədi verən pambıqçılıq ötən il pambıqçılara problemlər gətirib: "Əvvəlki illərin məhsuldarlığına "çatmaq və ötmək" cari ilin əsas devizi idi, amma indi pambıqçılar gəlirləri yox, zərərləri hesablayırlar. Pambıqçılıqla məşğul olan fermer təsərrüfatlarının aşağı məhsuldarlığa və ucuz satınalma qiymətlərinə görə düşdükləri ziyanı məmurlar ödəməlidir. Çünki "ağ qızıl"ın ixracından miyonları məhz onlar qazanırlar". Pambıqçılıq sahəsindəki durumu ekspert Vahid Məhərrəmov qəzetə belə şərh edir.
 
Ekspert xatırladır ki, hakimiyyət 2017-ci ildə hər hektardan 40 sentner məhsul götürməkdən danışırdı, sonra bu rəqəmi 30 sentnerə endirdi: "Amma, təəəsüf ki, məhsuldarlıq nəinki 40, heç 30 sentnerə də çatmadı, iki dəfə az olmaqla 15,1 sentner təşkil etdi, 136, 4 min hektardan cəmi 206,4 min ton pambıq yığıldı. Bu isə son 5 ilin ən aşağı məhsuldarlıq göstəricisidir".
 
Ekspert vurğulayır ki, hər hektar üzrə pambığın yetişdirilməsinə 830 manat vəsait xərclənib, sərf olunmuş vəsaiti qaytara bilmək üçün emal müəssisəslərinə hər ha üzrə 1 ton 660 kiloqram məhsul təhvil verilməlidir: "Amma pambıqçılar elə məhsuldarlığa nail olmayıblar, orta hesabla hər hektar üzrə 1 ton 510 kiloqram məhsul toplanıb ki, bu da hər hektardan 150 kiloqram və ya pul ekvivalentində hər hektar üzrə 75 manatlıq az pambıq toplanması deməkdir".
 
V.Məhərrəmov Neftçala, Ucar, Samux, İmişli, Hacıqabul və s. rayonlarda hər hektar üzrə məhsuldarlığın daha az olduğunu deyərək, bu rayonlarda müflis olan fermerlərin sayının daha çox olduğunu bildirir.
 
Müəllif deyir ki, əgər bu sahəyə büdcədən pul ayrılıbsa, o zaman fermerlər niyə ziyana düşüblər, əks halda isə nə qədər vəsait götürüldüyü və hara xərcləndiyi sualları gündəmə gəlir.
 
V.Məhərrəmov hesab edir ki, kəndlilərə dəyən ziyanı məmur-oliqarxlar ödəməlidirlər, çünki ölkədə pambığın satınalınma qiyməti qonşu Türkiyə, İranla müqayisədə 3 dəfə azdır, Qazaxıstandan isə 70% aşağıdır.(contact.az)
 

Google+ WhatsApp ok.ru