Paytaxtın bəzi yerləri qazsız qalıb

Paytaxtın bəzi yerləri qazsız qalıb

«Dünən (fevralın 15-də - red.) «Azəriqaz» elan etdi ki, fevralın 16-da Salyanda, Sabirabadda, İmişlidə qaz olmayacaq. Amma bu gün yuxudan oyananda gördük ki, bizim də qazımız kəsilib».
 
Bunu AzadlıqRadiosuna Bakı şəhəri, Məhəmmədi qəsəbəsinin sakini İntiqam Hacıyev deyir.
 
Bakının daha bir neçə qəsəbəsindən - Kürdəxanı, Maştağa, Zabrat, Sabunçu və Keşlədən də eyni şikayətlər gəlir. Qarlı və şaxtalı bir gündə bir çox əraziyə qaz verilişinin dayandırılması paytaxt sakinlərini qəzəbləndirib.
 
«QAR YAĞMAĞA BAŞLAYAN KİMİ...»
 
Fevralın 16-da səhər saatlarında Keşlə qəsəbəsinə də qaz verilişi dayandırılıb. Sakinlər səbəbini dəqiqləşdirməyə çalışsalar da, ətraflı məlumat ala bilmirlər.
 
«Qar yağmağa başlayan kimi, qazı da kəsirlər. İki-üç gün idi hava xoş keçirdi, qaz da vardı», - bunu deyən qəsəbə sakini Solmaz Rəhimova səhər açılandan qaz idarəsinə və qəza xidmətinə durmadan zəng vurur. O, qaz verilişinin hansı səbəbdən dayandırıldığını və bu vəziyyətin hələ nə qədər davam edəcəyini öyrənməyə çalışır.
 
Maştağa sakini Atamoğlan Allahverdiyev deyir, səhər saatlarından qəza xidmətinə zəng vursa da, cavab verən yoxdur: «Soyuqda qalmışıq. Bir tərəfdən də qar yağır».
 
QAZ BORULARI TƏMİR EDİLİR?
 
Nəsimi və Nizami rayonları qaz idarələrindən AzadlıqRadiosuna bildirilib ki, qaz verilişindəki problem qaz borularında təmir işləri ilə əlaqəlidir. Tezliklə qaz verilişi bərpa olunacaq. 
 
Binəqədi rayonunda Binəqədi kəndi və qəsəbənin böyük bir hissəsində qaz verilişi səhər saatlarından dayandırılıb. 
 
 
Trend-ə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, bakının Yasamal, Səbail, Sabunçu və Xəzər rayonlarında qaz verilişi yaxın saatlarda bərpa olunacaq.
 
Onun sözlərinə görə, qaz verilişi qaz borularının birində baş vermiş sızma səbəbi ilə məhdudlaşdırılıb. “Problemin aradan qaldırılması üçün Bakının Yasamal, Səbail, Sabunçu və Xəzər rayonlarında qaz verilişini məhdudlaşdırmalı olmuşuq. Qaz verilişi işlərin başa çatmasında sonra bərpa olunacaq”.
 
 

Google+ WhatsApp ok.ru