Prezidentə şikayətə gedən sakinləri polis avtobusda saxlayıb - VİDEO

Prezidentə şikayətə gedən sakinləri polis avtobusda saxlayıb - VİDEO

Avtobusda bağlı saxlanılan qadınlar evlərinə verilən kompensasiyadan narazı qalıb ölkə başçısı İlham Əliyevə şikayətə gedən sərnişinlərdir. Qadınların dediyinə görə, polislər avtobusun sürücüsünə “qapını bağla” göstərişi verərək xanımları 40-cı polis bölməsinə aparmasını tapşırıb. Avtobusda olan digər sərnişinlərin halı pisləşib. Qadınların səs-küyündən, qapıları döyəcləməsindən sonra sürücü qapıları açıb, qadınlar avtobusdan küçəyə tökülüşüblər.
 
“Bir qadın var idi bizim içimizdə indi burada yoxdur. Allaha and olsun, polislər o qadını darta-darta nə günə saldılar. Özümdən utandım. Onların yerinə mən xəcalət çəkdim” deyir hadisə vaxtı avtobusda olan Almaz Nabatova.
Sakinlər 7 oktyabrda Bakı-Sumqayıt yolunu bağlayaraq evlərinə qoyulan 500 manatlıq kompensasiyaya etiraz edirdilər. Elə bu problemə görə də Prezident Administrasiyasına şikayətə getmək istəyiblər. Sakinlər deyir, onların içərisindən 3 nəfəri və hadisəni çəkən oğlanı Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə aparıblar. Həmin gündən sonra həyətlərindən polis çəkilmir. Hər gün polis maşınları ilə gəlib məhəllələrdə dövrə vururlar. Onlar düşünür ki, bu nəzarət onları gözüqırpıq edib verilən kompensasiya ilə barışdırdırmaq üçündür.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov hadisə ilə bağlı sualımıza qulaq asıb daha sonra dəstəyi asdı. Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin növbətçi hissəsindən bildirdilər ki, hadisə ilə bağlı məlumatlı deyillər.
 
Binəqədi rayon İcra Hakimiyyətindən zənglərimizə cavab verən olmadı.
 
Sakinlərin yaşadığı “Motodrom” massivindən Xocahəsən qəsəbəsində tikilən depo üçün tunel çəkilir. Tunelin inşasına görə 65 ev plana düşüb. Sakinlər evlərinin hər kvadrat metrinə qoyulan 500 manat kompensasiya ilə razılaşmırlar.
 
“90-cı illərdə camaat yolu əliyalın kəsdi. Onlar bizim analarımız, bacılarımız, qardaşlarımız, atalarımız idi. Bax biz də onlardanıq. Buradan məmurlara deyirəm, açsınlar qulaqların eşitsinlər. Bizi o həddə çatdırmasınlar ki, həmin o illəri biz onlara yaşadaq. Biz onu düşmənlərimiz üçün elədik, onların qabağına çıxdıq. Öz millətimizin qabağına bizi elə çıxarmasınlar”. (azadliq.info) /

Google+ WhatsApp ok.ru