Proqnozlar Bürosu qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlara münasibət bildirib - YENİLƏNİB

Proqnozlar Bürosu qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlara münasibət bildirib - YENİLƏNİB

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.
 
Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, qış fəsli haqqında proqnozun verilməsi hələ tezdir: “Fəsillik proqnozları Proqnozlar bürosu verir. Qış fəslinin necə keçəcəyi ilə bağlı indidən məlumat vermək doğru deyil. Qış fəsli ilə bağlı fəsillik proqnoz isə dekabr ayının əvvəlində ictimaiyyətə təqdim olunacaq”.
 
G.Məmmədovanın sözlərinə görə, hazırda payız fəsli ilə bağlı fəsillik proqnoz vermək mümkündür.
 
Qeyd edək ki, dünən KİV-lərdə bu il Azərbaycanda qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlar yayılıb.
 
***
Bu il Azərbaycanda qış əvvəlki illərlə müqayisədə sərt keçəcək.
 
Maide.Az-ın məlumatına görə, bu barədə AzVision.az-a Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.
 
T.Zeynalov qış mövsümündə havaların şaxtalı olacağını deyib:
“İndidən sərt qışa hazır olmalıyıq. Ötən il oktyabrın 20-dən sonra paltoya keçmişdik. Bu il qış geyimlərinə daha tez keçiləcək. Ötən qışda Bakıya, rayonların bəzilərinə qar bir qədər az yağmışdı. Cari mövsümdə bunun əski müşahidə olunacaq. Qar daha çox yağacaq, havalar şaxtalı olacaq. İllər ötdükcə buzlaşma hiss olunacaq, havalar tədricən soyuyacaq”.

Google+ WhatsApp ok.ru