Qaytarılmayan kreditlərin faizi artıb

Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il aprelin 1-nə 1 326,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının yaydığı xəbərə görə, martın 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 3 mln. manat və ya 0,22%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 182 mln. manat və ya 12,06% azalıb.
 
Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 6,73% təşkil edib. Qeyd edək ki, martın 1-nə bu göstərici 6,54%, ilin əvvəlində isə 6,94% olub.
 
Manatla verilən vaxtı keçmiş kreditlər aprelin 1-nə 691,5 mln. manat təşkil edib ki, bu da martın 1-nə nisbətən 19,6 mln. manat və ya 2,92% çoxdur. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 148,7 mln. manat və ya 17,7% artıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 0,2 faiz bəndi artıb, ilin əvvəlindən 0,7 faiz bəndi azalaraq 6,9%-ə çatıb.
 
Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 11,7% təşkil edib. Bir ay əvvəl bu göstərici 11,4%, ilin əvvəlində isə 15,1% olub.
 
Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı aprelin 1-nə 6,1%, ilin əvvəlində 6,2%, martın 1-nə isə 5,8% təşkil edib.
 
Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi aprelin 1-nə 635 mln. manat təşkil edib. Bu, martın 1-nə nisbətən 22,6 mln. manat və ya 3,4%, cari ilin əvvəli ilə müqayisədə isə 33,3 mln. manat və ya 5,0% azalıb.
 
Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi aprelin 1-nə 6,6%, keçən ayın əvvəlində 6,4%, ilin əvvəlində isə 6,2% olub.
 
Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin payı aprelin 1-nə 9,5% olub. Qeyd edək ki, keçən ay bu göstərici 9%, ilin əvvəlində isə 8,6% təşkil edib.
 
Xarici valyutada uzunmüddətli kreditlərdə problemli kreditlərin payı aprelin 1-nə 5,3%, martın 1-nə 5,2%, 2016-ci ilin əvvəlində isə 5% olub. (Report)
 
Onu da vurğulayaq ki, bir müddət əvvəl «Moodys» təşkilatı Azərbaycanda problemli kreditlərin 20 faizə çatdığını bəyan etmişdi. Rəsmi statistika isə bu göstəricinin 7 faiz çivarında olduğunu bəyan edir.
 
İqtisadçı Məhəmməd Talıblı bildirdi ki, xarici valyutada olan problemli kreditlərin artmasının əsas səbəbi ölkədə iki dəfə baş verən devalvasiyadır. Hətta kredit portfelində belə manatın xüsusi çəkisi dollardan çox olsa belə yenə də problemli kreditlərin həcmi artacaq:
«Çünki, əsas problem valyutanın konvertasiyası və devalvasiya nəticəsində dollar valyutasının dəyərinin yüksəlməsi deyil, eyni zamanda biznes infrastukturunun 10-dan çox elementində tənəzzül elementlərinin güclənməsidir. Valyuta bazarından başlamış investisiya bazarına qədər bütün sahələrdə ixtisara düşmüş işçi heyəti ilə rastlaşmaq olur. Ən yaxşı vəziyyətdə olan şəxslərin isə əməkhaqqılarında azalmalar baş verib. Dövlət strukturların müxtəlif nazirlik və komitələrin birləşdirilməsi nəticəsində struktur işsizlik daha da artdı. Bütün bunlar isə onu deməyə əsas verir ki, ölkədə banklara kredit borcu olan 2,4 milyon nəfər müştərinin gəlirlərinin azalması ödənişlərə neqativ təsir göstərib».
 
M.Talıblının sözlərinə görə, problemli kreditlərin həcmi 2 rəqəmli hədlə ölçülür. Çünki, bəzi banklar problemli kreditlər haqqında səhih informasiyaları gizlədir:
«Kollektor şirkətlərə müraciət edərək onların yardımı vasitəsilə kreditlərin geriyə alışı üçün müxtəlif inzibati mexanizmlərdən istifadə edərək onları minimumlaşdırmağa çalşırlar».
 
M.Talıblının sözlərinə görə, amma bütün yollarla vaxtı çatmış kreditlərin qaytarılması üçün müştərilər üçün əlavə vaxt fürsəti verilir. Onlara müxtəlif güzəşt üsullarından istifadə edir və s. Amma nəticədə problemli kreditlər qırmızı xəttə yaxınlaşıb. «Beynəlxalq normalar baxımından bu hədd kredit portfelinin 10 faizindən yüksək həddi başa düşülür. Problemli kreditlərin real vəziyyətinin ictimailəşməsinin mənfi tərəfi ondan ibarətdir ki, digər müştərilərdə panik vəziyyət yaradır. Aanaloji addımlara atmağa həvəslənən digər müştərilər üçün bu yeni ənənə demək olardı. bütün hallarda bank sektorunda bu mənfi siqnalın ictimaiyyətə buraxılmaması üçün real informasiyalar bankların daxillərində kommersiya sirri kimi saxlanılır», deyə M.Talıblı vurğulayıb. (azadliq.info)
 

Google+ WhatsApp ok.ru