Qimətlər artdıqca, yoxsulların sayı da artır

Qimətlər artdıqca, yoxsulların sayı da artır

«Exo» qəzetində «Azərbaycanda milyonyarım yoxsul var» sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda ölkədə yoxsulluğun səviyyəsi ekspert Nəriman Ağayevlə müzakirə edilir.
 
«Son illər Azərbaycanda yoxsulların sayı artır. Rəsmi statistikaya görə, Azərbaycanda yoxsulluğun həcmi 5.5 faizdir. Reallıqda isə bu, 15 faizə çatır. Təəssüf ki, yoxsulların sayı ölkədəki qeyri-sabit iqtisadi durumdan qaynaqlanır. Manatın məzənnəsi, hələ ki, sabitləşməyib. Bu isə istər ərzaq, istərsə də qeyri-ərzaq mallarının qiymətlərinin artmasına təsir edir»,-deyə N.Ağayev bildirib.
 
Ekspertin fikrincə, ölkədə yoxsulluq meyarı düzgün hesablanmır.
 
N.Ağayev hesab edir ki, gəliri yaşayış minimumunun iki mislinə və ya 310 manata bərabər olan vətəndaşları kasıb saymaq olar.
 
Ekspertə görə, dövlət statistikası bir neçə səbəbdən yoxsulluğun real səviyyəsini müəyyən edə bilmir. Bunlardan biri də torpaq sahəsi olan şəxsin, hətta ondan istifadə etməsə və işləməsə belə, yoxsul sayılmamasıdır.
 
N.Ağayev hesab edir ki, bu məsələlərə yenidən baxılmalıdır.
 
Ekspert deyib ki, indiki qiymət artımı ölkədəki yoxsulların sayının bir qədər də artmasına gətirib çıxaracaq.
 
Müəllif Ərzaq Siyasəti üzrə Beynəlxalq Tədqiqat İnstitutunun hesabatına istinadən bildirir ki, hazırda dünyada 795 milyon nəfər aclıq çəkir. Aclıq səviyyəsinə görə, Azərbaycanın 9.8 bal alıb. Yazıda vurğulanır ki, 2008-ci ildə bu rəqəm 15.7 bal olub.(azadliq.org)
 

 

Google+ WhatsApp ok.ru