İran Azərbaycanla sərhəddə güzəştlərin tətbiqi məsələsini araşdırır

İranın Xarici İşlər Nazirliyi  Azərbaycanla sərhəd –buraxılış məntəqələrində  güzəştlərin tətbiqi məsələsini araşdırır. 
 
APA-nın  Tehran bürosunun məlumatına görə, bunu İranın  Xarici işlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari bildirib.
 
H.Cabiri Ənsari deyib ki, ötən həftə Azərbaycan və İran  müştərək sərhəd-buraxılış məntəqələrinə və sərhədinə baxış keçirib. “Hər iki tərəfdən gediş-gəlişə nəzarət buraxılış məntəqəsinin işi ilə tanış oldum və bir sıra problemlərin olduğunun şahidi oldum. İranın  Xarici İşlər Nazirliyi sərhəd –buraxılış məntəqələrində hər iki ölkənin vətəndaşlarının  gediş – gəlişinin asanlaşdırılması, həmçinin yük daşımaları və yük maşınlarının gediş-gəlişinin asanlaşmasını gündəmdə saxlayır”. 
 
H.Cabiri Ənsari qeyd edib ki, sərhəd-buraxılış məntəqəsinin məsul şəxsləri bütün çətinliklərə baxmayaraq  çalışırlar ki, hər iki ölkənin vətəndaşlarına xidmət etsinlər və onların gediş-gəlişini asanlaşdırsınlar: “Ümid edirəm  sərhəd-buraxılış məntəqələrində mövcud olan bəzi problemlər aidiyyatı qurumlar tərəfindən öz həllini  tapacaq”.
 
H.Cabiri Ənsari  Araz iqtisadi zonasının  uğurlu bir iqtisadi zona olduğunu da vurğulayıb: “Ümid edirəm sanksiyaların ləğvindən sonra iqtisadi zonada düzgün idarəetmə nəticəsində daha faydalı işlər görüləcək”.

Google+ WhatsApp ok.ru