Rauf Mirqədirovun həbs müddəti bitib

Jurnalistin vəkili Fuad Ağayev: “Azad olunmalıdır”
“Elmar Süleymanovla birgə hüquqlarını müdafiə etdiyim tanınmış jurnalist Rauf Mirqədirov məlumdur ki, bu il aprelin 19-dan Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılır. Xatırladım ki, sonuncu məhkəmə qərarına əsasən onun həbs müddəti noyabrın 19-dək uzadılmışdı. Həbsdə saxlama müddətinin uzadılmasına dair hər hansı yeni məhkəmə iclası keçirilməmişdir və qərar da yoxdur!” 
 
Bunu jurnalist Rauf Mirqədirovun vəkili Fuad Ağayev şəxsi facebook səhifəsində yazıb. Vəkil qeyd edib ki, dünən (19 noyabrda-C.T.) R.Mirqədirovun həbs müddəti bitib: “Bu o deməkdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 161 və 162-ci əsasən məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdığından və bu müddət uzadılmadığından istintaq təcridxanasının müdiriyyəti Raufu hələ dünən azad etməli idi! Lakin R.Mirqədirov dünən azad edilmədi. Bununla bağlı olaraq bu gün biz Milli Təhlükəsizlik Nazirliyinə, onun İstintaq Təcridxanasına, Baş Prokurora, onun birinci müavininə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə Raufun azadlıq hüququnun təmin olunması ilə bağlı müraciətlər göndərdik. 
 
Saat 11 – 12 arası bütün məktub və teleqramlar ünvanlarına çatdırılsa da, R.Mirqədirov buraxılmamışdır. Bundan sonra biz, onun müdafiəçiləri saat 15:30 radələrində Milli Təhlükəsizlik Nazirliyinə gəldik, təxminən saat 16-da İstintaq Təcridxanasına daxil olduq və R.Mirqədirovun azad edilməsini tələb etdik. Əfsuslar olsun ki, Rauf nəinki buraxılmadı, 2 saat gözləməyimizə baxmayaraq, o bizimlə görüşə də gətirilmədi. Növbətçi bildirdi ki, guya o, həkim müayinəsindədir”. 
 
F.Ağayev daha sonra bildirib: “Biz, onun müdafiəçiləri hesab edirik ki, hüquq mühafizə orqanlarının bu hərəkətləri nəticəsində onsuz da barəsində əsassız ittiham elan edilmiş R.Mirqədirovun azadlıq və müdafiə hüquqları da ifrat kobud dərəcədə pozulur, bizim iştirakımız olmadan onunla keçirilə biləcək hər hansı prosessual və s. hərəkətləri qanunsuz sayırıq, Raufun dərhal azad edilməsini tələb edirik”. /

Google+ WhatsApp ok.ru