Rauf Mirqədirovun həbs müddəti yenə uzadıla bilər

İntiqam Əliyev və Rəsul Cəfərova verilən hökmdən apelyasiya şikayəti veriləcək; Taleh Xasməmmədovun da məhkəməsi başlayır
 
“Hazırda həbsdə olan ”Ayna Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbs müddəti yenidən uzadıla bilər. Apreldə həbs qətimkan tədbirinin müddət bu ayın 20-də tamam olur. İstintaq hərəkətlərinin aparılmaması müddətin artırılacağını deməyə əsas verir. Əgər belə olarsa, R.Mirqədirovun istintaqı beşinci dəfə uzadılacaq".
 
Bu barədə jurnalistin vəkili Elmar Süleymanov musavat.com-a açıqlamasında dedi. O, həbs müddətinin artırılması ehtimallarının yüksək olduğunu söylədi: “Təəssüflər olsun ki, hələ də bir yenilik yoxdur. Keçən ay istintaq müddətini bir ay uzatdılar. Yəqin ki, yaxın günlərdə yenidən uzadacaqlar. Rauf bəylə keçən həftə görüşdüm. Həbs müddətinin uzadılması ilə bağlı narahatçılığını bildirdi. Məhkəmədə qeyd etdi ki, heç bir iş görmədən yalnız vaxtı uzatmaqla məşğulsunuz. Yalnız onu deyə bilərəm ki, yaxınlarda məhkəməsi gözlənilmir. Leyla Yunusla bir işdir. Yəqin ki, eyni vaxtda başlayacaq. Amma iş birləşdirilməyib”.
 
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin hökmündən Apelyasiya Məhkəməsinə müraciət olunacaq. Vəkillər hökm qərarını məhkəmədən alıblar. Vəkil Fəxrəddin Mehdiyev yaxın günlərdə şikayəti məhkəməyə təqdim edəcəklərini qeyd etdi: “Hökm qərarını artıq götürmüşük. Məhkəmənin iclas protokollarını oxuyub, qeydlər edəcəyik. Yəqin ki, növbəti həftə şikayətimizi təqdim edəcəyik. 15 gün müddətində baxılmalıdır”.
 
Müsavat başqanının müavini Fərəc Kərimliyə mayın 6-da hökm oxuna bilər. Vəkil Nemət Kərimli müdafiə tərəfi və təqsirləndirilən şəxsin son sözünün qaldığını söylədi: “Mayın 6-da proses müdafiə çıxışları ilə davam edəcək. Sonra Fərəc Kərimli son söz deyəcək. Yəqin ki, məhkəmə müşavirəyə gedəcək. Həmin gün hökmün elan olunacağı gözlənilir. Təcrübəyə əsasən deyə bilərəm ki, hökm oxunacaq”.
 
Nemət Kərimli müsavatçı gənc Sirac Kərimliyə verilən hökmdən apellyasiya şikayəti verdiklərini də qeyd etdi. 
 
Üzümüzə gələn həftə İnsan Haqları Klubunun sədri Rəsul Cəfərova verilən hökmdən Apelyasiya Məhkəməsinə müraciət olunacaq. Bu barədə hüquq müdafiəçisinin hüququ nümayəndəsi Günay İsmayılova məlumat verdi. O, Rəsul Cəfərovun heç nədən şikayətlənmədiyini, hər şeyin qaydasında olduğunu söylədi.
 
“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli ilə bağlı kassasiya şikayəti verilib. Jurnalistin vəkili Bəhruz Bayramov may ayında veriləcək əfvə inanmadıqlarını bildirdi: “Telefonla danışıb. Hər şey qaydasındadır. İki həftə olar ki, kassasiya şikayəti vermişik. Baxılma vaxtı məlum deyil. Açığı bu ay veriləcək əfvdə Pərviz bəyin azadlığa çıxacağına inanmıram”.
 
NİDA-çı gənc Ömər Məmmədovun atası Əlyar Məmmədov da əfvlə bağlı ümidsiz danışdı: “Mayın 3-də görüşəcəyik. Telefonla əlaqə saxlayırıq. Əfvə ümidli deyil. İnsan ümidsiz hala düşür. Dekabr və mart aylarında inamımız var idi. Amma indi görürük ki, həbslər davam edir. Dövlətdə humanizm hiss olunmur. Əksinə qəddarlıq hiss olunur. Valideyn kimi istərdik övladımız azad olunsun.  Ümidimiz həyata keçməyəndə çox pis oluruq. Ona görə də,  istəmirik depressiya düşək”.
 
Fevralda Göyçayda həbs olunan hüquq müdafiəçisi Taleh Xasməmmədovun isə gələn həftə məhkəməsi olacağı gözlənilir. Bu barədə müsavat.coma onun yaxınları məlumat verdilər: “Onu iki gün öncə Gəncə İstintaq Təcridxanasından Göyçay Rayon Polis Şöbəsinin təcridxanasına köçürüblər. Bunu belə izah edirlər ki, istintaq yekunlaşır və gələn həftə iş məhkəməyə gedəcək. Amma məhkəmənin günü barədə dəqiq məlumat verilmir. İşçi Qrupdan Talehin durumunu diqqətdə saxlamağı xahiş edirik”.  musavat /

Google+ WhatsApp ok.ru