Sabuncu sakinlərindən SOS: SOCAR neft ərazilərində üsyan hazırlayır

Sabunçu rayonu Əmir Bağırov küçəsinin sakinləri mətbuat vasitəsi ölkə başçısına müraciət ünvanlayıblar. 500 nəfərə yaxın sakinin imzası ilə redaksiyamıza gələn məktubda sadə vətəndaşlarla “himayəli” insanlar arasında ayrı-seçkiliyə yol verildiyi bildirilir. SOCAR-ın qoçu dəstələrinin  əməllərini dilə gətirən sakinlər hər dəqiqə qorxu içərisində yaşadıqlarınıi, bu qoçu dəstələri istənilən vaxt onların həyətlərinə girib 30-40 ildir əzab-əziyyətlə tikdikləri evlərini başlarına uçura biləcəklərini yazırlar. Həmin məktubu qısa ixtisarla dərc edirik:
 
“Sabunçu qəsəbəsindəki yaşadığımız ərazidə təxminən 5 min ev var ki, həmin fərdi evlərdə də ümumilikdə 30 min nəfərdən çox əhali yaşayır. Sakinlər həmin ərazidə 30-35 ildir  məskunlaşıblar. Belə ki, ilk dəfə burada doğulan uşaq hazırda ailə qurub, oğul-uşaq sahibidir. Sakinlər arasında qaçqın və məcburi köçkünlər də az deyil. Müxtəlif millətlərin nümayəndələri uzun illər ərzində qəpik-quruş yığdıqları pullar hesabına köç salıb və orada yaşayırlar. Lakin burda özümüzü köçəri həyat tərzi keçirən tayfa kimi hiss edirik. Bakıətrafı qəsəbələrin infrastrukturunun yaxşılaşdırıldığı indiki vaxtda bizə öz həyat şəraitimizi asanlaşdırmaq üçün adi bir ayaqyolu belə tikməyə icazə vermirlər. Digər yandan, nəzarətçi qurumların, vəzifəli şəxslərin ”bığının altından keçən” kimlərsə, hamının gözü qarşısında 4-cü Mədən ərazisini özəlləşdirərək, istədiyi buruğu məhv edib istədiyi obyekti tikdirir. Bizə isə həyətimizin içində nəsə tikməyə qadağa qoyulub. Qəsəbəyə gələn qonağımız özünü sanki dinamik inkişaf edən Azərbaycanda deyil, geridə qalmış Afrika ölkəsində hiss edir. Bu münasibət bizi hiddətləndirir. Bizim evlərin təməli qoyularkən, aidiyyəti instansiya mənsublarının razılığı alınıb. Həmin instansiyaların sayı isə çoxdur. Bu sıraya yerli özünüidarəetmə qurumu, “Balaxanıneft” NQÇI, Sabunçu RIH-nin ərazi nümayəndəliyi, polis sahə müvəkkilliyi, post-patrul xidməti və s. aiddir. Ərazidə tikilən fərdi yaşayış evləri iynə deyil ki, sözügedən instansiyaların funksionerləri onları tikib qurtarandan sonra görsünlər?! Təəccüblü burasıdır ki, bizim evlərin sökülməsi (həm də öz hesabımızla sökülməsi) iddiası ilə məhkəmə çəkişməsi aparan “Balaxanıneft” NQÇI balansında olan ərazidə yeni qanunsuz tikililərin aparılmasına göz yumur. Xatırladaq ki, bir neçə il əvvəl ölkə başçısı Zabrat qəsəbəsinə səfəri zamanı neft buruqları arasında tikilmiş evləri müşahidə etmiş, həmin neft quyularının daha istifadə edilmədiyi barədə məruzəni dinləyəndən sonra göstəriş vermişdi ki, ərazi neft çirkabından təmizlənib bələdiyyə mülkiyyətinə verilsin. Üstəlik, Heydər Əliyev Fondunun xətti ilə bu ərazidə 2013-cü ildə 3000 şagird yerlik məktəb binası tikilib. Biz sakinlər abunəçisi olduğumuz kommunal xidmətlərin haqqını, bələdiyyəyə torpaq və digər vergiləri ödəyirik. Siyasi savadımız, dünyagörüşümüz o qədər zəif deyil ki, baş verənləri dürüst qiymətləndirə bilməyək. Neft şirkətinin qoçu dəstəsinin bəzi hallarda sayı 50 nəfərə çatan üzvləri həyətlərə basqın edərək, onillik hasarları uçurur, qadın, uşaq, ağsaqqal, ağbirçək fəryadına baxmadan, vətəndaşları döyür, söyür, təhqir edirlər.
 
Digər tərəfdən isə rayon rəhbəri bizim evlərin 50 addımlığında 12 hektardan çox ərazini “istismar olunmayan zona” adı ilə ARDNŞ balansından çıxararaq, işlək quyuları məhv edib, yerində onlarla ticarət, iaşə obyekti tikdirib, mərmər zavodu qurdurub, buruqların arasında “Rahat” market, bazar açıb, yanacaqdoldurma məntəqəsi inşa etdirib. Sizlərdən çox xahiş edirik, bizim rahatlığımızı əlimizdən alan, dövri olaraq qarşılaşdığımız bu problemin biryolluq həlli üçün köməkliyinizi əsirgəməyin”.
(azadliq.info)

Google+ WhatsApp ok.ru