Sanksiyasız əli-qolu bağlanmaq

Sanksiyasız əli-qolu bağlanmaq

"Novoye Vremya" qəzetində "Azərbaycan 20 milyard dollar itirib?" sərlövhəli məqalədə də ölkədəki iqtisadi durumun təhlili davam etdirilir.
 
Bu yazıda da iqtisadi vəziyyət böhran kimi xarakterizə olunur və onun fəsadlarından bəhs edilir.
 
Müəllif hesab edir ki, bu böhran üzündən Azərbaycan bütünlükdə 20 milyard dollar itirib:
"Böhranın başqa ölkələrə təsirini bilmirik. Amma Azərbaycan iqtisadi böhranın bütün "gözəllik"lərini öz üzərində hiss edib. İki dağıdıcı devalvasiya, Beynəlxalq Bank ətrafındakı qalmaqal yerli iqtisadiyyatın bütün problemlərini aşkara çıxarıb. Davam edən böhran üzündən daxili investisiyanın da həcmi azalır".
 
Yazıda bildirilir ki, bu dövrdə daxili investisiya 12.72 milyard manatdan 6.65 milyard manata enib.
 
Müəllif vurğulayır ki, neftdən asılılıq hələ də azalmayıb. Hökumət bu problemi vergilərin qaldırılması ilə həll etmək istəyir. Amma böhran dövründə vergilərin qaldırılması təhlükəli tədbirdir:
"Biznesin yenicə inkişaf etdiyi halda vergilərin qaldırılması iqtisadiyyatda enişin daha da sürətlənməsinə, büdcənin gəlir bazasının azalmasına səbəb ola bilər".
 
Müəllif hesab edir ki, hökumət neft bumu illərində iqtisadiyyatı şaxələndirə bilməyib. Ölkə ixracının 95 faizi neftdən asılı olub.
 
Yazıda vurğulanır ki, Azərbaycana sanksiya qoyulmayıb. Qonşu ölkələrlə, dünya ilə ticarət apara bilər. Amma neftdən başqa satmağa elə bir şey yoxdur. /

Google+ WhatsApp ok.ru